• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Paşinyana ABŞ-də, Avropada söz veriblər ki... - Rusiya hələlik Ermənistana xəbərdarlıq edir

SİYASƏT

29 Fevral 2024 | 09:28

Paşinyana ABŞ-də, Avropada söz veriblər ki... - Rusiya hələlik Ermənistana xəbərdarlıq edir

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu söyləməsi Moskva-İrəvan münasibətlərini gərginləşdirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-yə sual ünvanladıqlarını, lakin bunun cavabsız qaldığını diqqətə çatdırıb:

“Biz soruşduq ki, KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub? Hələlik bunlara cavab yoxdur. Mənim şəxsi fikrim budur ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir”.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq:

"Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyinə hələlik aydınlıq gətirilməyib".

Politoloq Qabil Hüseynli Bakıvaxtı.az-a deyib ki, Rusiya hələlik Ermənistanın anti-rus mövqeyini və hərəkətlərini hiddətlə izləməkdədir.

Ekspertin sözlərinə görə, Moskvanın İrəvan hökumətinin anti-Rusiya addımları daha çox politoloqların, ekspertlərin kəskin dili, sərt ifadələri ilə ifadə olunur:

"Əslində Rusiya adekvat addımlara keçmədən öncə Ermənistana xəbərdarlıq edir, mesajlar göndərir. İrəvan isə geri çəkilmir və daha da irəli gedir. Çünki Paşinyana ABŞ-də, Avropada söz veriblər ki, Rusiyanın hansısa təzyiqi, təcavüzü qarşısında Ermənistanı "dördəlli" müdafiə edəcəklər. Belə bir təminat sözü alan Paşinyan və onun komandası çəkinmədən, qorxmadan, müxtəlif arqumentlərlə KTMT-nin əleyhinə çıxışlar edirlər”.

Onun sözlərinə görə, hətta bəzi erməni rəsmilər tələb edirlər ki, KTMT-dəki fəaliyyəti dondurmaq yox, ümumiyyətlə təşkilatdan çıxmaq lazımdır:

“Parlament sədri Alen Simonyan deyir ki, Ermənistan həm də paralel olaraq Avrasiya İqtisadi Birliyindən də uzaqlaşır. Yəni İrəvan hökuməti Rusiyanın başını çəkdiyi digər qurumlardan da kənarlaşmaq barədə ciddi düşünür".

Qabil Hüseynli: İrəvan hökuməti Rusiyanın başını çəkdiyi digər qurumlardan kənarlaşmaq barədə ciddi düşünür

Həmsöhbətimiz vurğulayıb ki, tərəflər arasında hələlik söz duellosu davam edəcək və əməli addımlar atılmayacaq:

"Rusiya hazırda Ukrayna ilə müharibə şəraitindədir və vəziyyət get-gedə gərginləşir. Qərbin Ukraynanı hərtərəfli dəstəkləməsi, yeni hərbi texnikalar verməsi Rusiyanın dişlərini sındırır. Belə şəraitdə Rusiyanın Ermənistanda çevriliş edə biləcəyi ehtimalı da çox azdır. Rusiyalı rəsmilər İrəvanla bağlı daha ölçülü-biçili açıqlamalar verirlər. Moskva dərk edir ki, Ukraynadan sonra başqa bir dövlətə açıq təyziq göstərərsə, bu tarixi məsuliyyətin altından çıxa bilməz. Bunun fərqində olan Paşinyan hiyləgər gedişlərlə Rusiyadan uzaqlaşmaq istiqamətində addımlar atır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024