Ukraynanın "Tomaqawk" raketləri ilə təmin edilməsi qərarı veriləcəyi təqdirdə, bu, Rusiya-ABŞ münasibətlərində müsbət tendensiyaların məhvinə səbəb olacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışından sonra jurnalist Pavel Zarubinə deyib.
Rusiya lideri xəbərdarlıq edib ki, bu cür hərəkətlər Rusiya-Amerika münasibətlərinin pozulmasına gətirib çıxaracaq.
"Mən artıq demişəm ki, bu, bizim münasibətlərimizin, hər halda, bu münasibətlərdə yaranmış müsbət meyillərin məhvinə gətirib çıxaracaq. Ona görə də düşündüklərimi deyirəm. Orada hadisələrin necə inkişaf edəcəyi yalnız bizdən və yalnız məndən asılı deyil", - Putin deyib.
Sentyabrın sonunda ABŞ Prezidenti Donald Tramp BMT-də Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa açıq olduğunu bildirib, lakin o, açıq şəkildə razılıq ifadə etməyib.
Bunun ardınca vitse-prezident Jey Di Vens ABŞ-nin Ukraynaya "Tomaqawk" raketlərinin mümkün tədarükünü müzakirə etdiyini açıqlayaraq, yekun qərarın Trampa aid olduğunu vurğulayıb.