Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov İstanbul şəhərinin Bəylikdüzü rayonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) ilçə başqanı Özkan Eremsayınla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığı, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti və Zəngəzur dəhlizinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə MHP Başkanı Dövlət Baxçalının Qarabağ məsələsində hər zaman nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycan xalqına verdiyi mənəvi dəstək xüsusi minnətdarlıqla qeyd edilib. Həmçinin onun Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi “Zəngəzur dəhlizi bundan sonra Turan dəhlizidir” fikrinin Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümunəvi dostluq və qardaşlıq münasibətlərinin regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı bildirilib. İki liderin regional və beynəlxalq siyasətdə nümayiş etdirdiyi ortaq mövqe, strateji baxış və qarşılıqlı etimadın Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə yüksəltdiyi qeyd edilib.
Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında formalaşmış “Bir millət, iki dövlət” fəlsəfəsi təkcə iki qardaş ölkənin deyil, bütövlükdə Türk dünyasının birliyi və gələcəyi üçün möhkəm təməl rolunu oynayır. Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının güclənməsi bu birliyin real nəticələrinin ən bariz nümunələrindəndir.
“Qarabağ Vətən müharibəsi qaziləri olaraq, Azərbaycanın haqq işinə dəstək verən bütün dost və qardaşlarımıza təşəkkür edir, Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olacağına inamımızı bir daha ifadə edirik”, - Akif Qasımov qeyd edib.
Murad Məmmədli
Bakı 





