Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bu il oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransının əsas müzakirə mövzusu olacaq.
Bu barədə Bakıvaxtı.az-a Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azerbaijan") bildirilib.
Məlumata əsasən, "AHK Azerbaijan" Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üzrə investisiyaların səfərbər edilməsinə həsr olunacaq və Biznes Şurasının yaratdığı institusional impulsu konkret layihə və tərəfdaşlıqlara çevirmək üçün növbəti mühüm platforma rolunu oynayacaq.
"Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında, xüsusilə Orta Dəhliz boyunca strateji mövqeyi nəqliyyat, logistika və dayanıqlı təchizat zəncirləri sahəsində yeni əməkdaşlıq imkanları yaradır. Liman və dəmir yolu infrastrukturu, rəqəmsal logistika həlləri və tranzit vaxtının azaldılması Almaniya və Azərbaycan biznesi üçün praktiki əməkdaşlıq istiqamətləridir", - palatadan bildirilib.
Xatırladaq ki, TBNM Qazaxıstan ərazisi, Xəzər dənizi akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çini Avropa dövlətləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur. Assosiasiya lazımi informasiya dəstəyini həyata keçirir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin formalaşmasına və coğrafi baxımdan birbaşa TBNM marşrutu boyu yerləşməyənlər də daxil olmaqla, müxtəlif ölkələrdən olan iştirakçılar üçün maksimum səmərəliliyin əldə edilməsinə kömək edir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına görə, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.
Qeyd etmək lazımdır ki, TBNM vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.
Bakı 



