Qazaxıstan 2025-ci ildə “Regional nəqliyyat əlaqələrinin və davamlı inkişafın təşviqi” devizi altında keçəcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sədrliyini qəbul edəcək.
Bakıvaxtı.az Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin başçısı Murat Nurtleu Məşhəddə (İran) İƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının 28-ci iclasında məlumat verib.
İclasda Qazaxıstan tərəfi İƏT-ə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tranzit nəqliyyat marşrutlarının inkişafına, sürətli yük qatarlarının buraxılmasına, rəqəmsal tranzit sisteminin yaradılmasına və regiondaxili ticarət həcminin artırılmasına xüsusi diqqət yetirilib.
Həmçinin İƏT ilə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı arasında əməkdaşlıq qurmaq təklif olunub.
Qeyd olunub ki, Qazaxıstan iqlim dəyişikliyi ilə mübarizəyə və yaşıl iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. Bununla əlaqədar İƏT-ə üzv dövlətlər 2026-cı ildə BMT-nin himayəsi altında keçiriləcək Regional İqlim Sammitində fəal iştirak etməyə dəvət olunub.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Onun əsas məqsədi üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirməkdir. Onun tərkibinə 10 ölkə - Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan daxildir.