• Bakı 17° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Qəbul imtahanı: Qrup bölgüsündən uzaqlaşmaq lazımdır - 3-5 fənni seçərək...

CƏMİYYƏT

21 Aprel 2025 | 11:31

Qəbul imtahanı: Qrup bölgüsündən uzaqlaşmaq lazımdır - 3-5 fənni seçərək...

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarında dəyişiklik ediləcək.

Bakıvaxtı.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla bildirir ki, 2025-ci il qəbul prosesi çərçivəsində 1-ci ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yaz və yay imtahan sessiyası yalnız bir alt qrup üzrə imtahan verə biləcəklər. Yəni, abituriyentlər yaz sessiyasında informatika, yay sessiyasında kimya fənnini seçmək hüququ var. Bu isə 1-ci qrupda mühəndislik, kompüter elmləri, kənd təsərrüfatı və digər sahələri əhatə edən ixtisaslara qəbul olunmaq istəyən gənclərin seçim imkanlarını məhdudlaşdıracaq.

Bu dəyişiklik isə abituriyentlər arasında narazılıqla qarşılanıb. Onlar bildirirlər ki, bir neçə alt qrup üzrə seçim etmək həm onların ixtisas seçimini genişləndirirdi, həm də universitetə qəbul şanslarını artırırdı.

Abituriyent Aysel Məmmədova deyir:

“Mən həm mühəndislik, həm də kompüter elmlərinə maraq göstərirdim. İndi yalnız birini seçməliyəm. Bu da gələcəkdə ixtisas seçimimdə məni məhdudlaşdırır. İmtahan verib sonra nəticəyə əsasən qərar vermək imkanım artıq yoxdur”.

Valideynlər də bu yeniliyin abituriyentlərə əlavə psixoloji gərginlik yaratdığını, seçim etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Onların fikrincə, bu dəyişiklik bərabər təhsil hüququnu da müəyyən qədər məhdudlaşdırır.

DİM isə bildirir ki, əvvəlki illərin təcrübəsi göstərir ki, I ixtisas qrupu üzrə imtahan vermək istəyən abituriyentlərin əksəriyyəti eyni imtahan sessiyasında hər iki altqrupu seçirdilər. Buna baxmayaraq iki altqrupu seçməklə informatika fənni üzrə əlavə imtahan verən abituriyentlərin əksəriyyəti ixtisas seçimi zamanı yalnız Rİ altqrupuna daxil olan ixtisasları seçirdilər. Halbuki yalnız Rİ (və ya RK) altqrupuna daxil olan ixtisasları seçmək istəyənlər ərizələrində Rİ altqrupunu qeyd etməklə birbaşa riyaziyyat, fizika və informatika fənni üzrə imtahan verə bilərlər. RK-nı da seçib  informatika fənni üzrə əlavə imtahan verməyə ehtiyac yoxdur.

"Bu qayda həmçinin informatika fənni üzrə əlavə imtahanda iştirak edənlərin sayının çox olmasına da səbəb olurdu. Bu ilin imtahan qrafiki kifayət qədər sıxdır və informatika fənni üzrə əlavə imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Lakin bir daha diqqətinizə çatdırırıq ki,  həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə ümumi müsabiqə şərtlərini ödədikləri halda hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər. Hər iki altqrupa kifayət qədər ixtisaslar daxildir",- deyə qeyd edilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, ümumiyyətlə, artıq abituriyentlərin ixtisas seçimində qrup bölgüsündən uzaqlaşmaq lazımdır. Onların orta məktəbdə keçilən fənlərdən 3 və ya 5-ni seçərək həmin fənlər üzrə imtahan verməsi daha məqsədəuyğundur:

"Şagirdlər orta məktəbdə keçdikləri fənlər arasından istədikləri 3 və ya 5 fənni seçib, həmin fənlər üzrə imtahan versinlər. Bu yanaşma dünyanın bir çox ölkəsində geniş tətbiq olunur – fənlərini seçirsən, imtahan verirsən və topladığın balları universitetlərə göndərərək müraciət edirsən".

Qoşqar Məhərrəmov: Qrup məhdudiyyəti düzgün yanaşma deyil

Onun sözlərinə görə, abituriyentlər ixtisas seçimində qrup bölgüsünə əsaslanmamalıdırlar:

“Məsələn, bir şagird texniki fənləri yaxşı mənimsəyə bilmir, amma maraqlandığı və istədiyi ixtisas I qrupda yerləşir. Bu halda o nə etməlidir? Sistemin dəyişməsi vacibdir ki, hər bir abituriyent maraq və qabiliyyətinə uyğun ixtisası seçmək imkanı qazansın”.

Mütəxəssis qeyd edib ki, qrup məhdudiyyəti düzgün yanaşma deyil:

“Abituriyentləri qruplar çərçivəsinə salmaq, bu qruplara uyğun fənn və ixtisaslarla onları məhdudlaşdırmaq nə təhsil baxımından, nə də dünya təcrübəsi ilə uzlaşır”, - deyə Qoşqar Məhərrəmov fikrini yekunlaşdırıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR