• Bakı 11° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

CƏMİYYƏT

13 Aprel 2026 | 09:25

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Siqaretdən istifadə həm fiziki, həm də psixoloji asılılıq yaradan ən geniş yayılmış vərdişlərdən biridir. Siqaretin təsirləri təkcə insanın sağlamlıqla məhdudlaşmır.

İllərlə siqaret çəkənlərə “niyə tərgitmirsən” sualını verəndə əksəriyyət bunu bacarmadığını, bəziləri isə “qəfil tərgitmək başqa xəstəliklərə yol açır” deyirlər.

Doğrudanmı siqareti qəfil tərgitmək psixologiyaya təsir edir? Bu proses insanın gündəlik emosional vəziyyətində hansı çətinlikləri yarada bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova deyib ki, ümumiyyətlə, son dövrlərdə həm gənclər, həm orta nəsil arasında siqaret asılılığından qurtulmaq üçün edilən müraciətlərin sayı xeyli artıb. Onun sözlərinə görə, iş təcrübəsi də göstərir ki, siqareti birdən-birə tam şəkildə tərgitmək hər bir insan üçün eyni dərəcədə effektiv olmur:

"Bir çox insanlar üçün bu üsul uğurlu nəticə verir, lakin hər kəsin psixoloji və fizioloji reaksiyası fərqli olduğundan bəzən ciddi çətinliklər yaranır. Bəzi hallarda siqaretdən dərhal uzaqlaşmaq beynin bu qərarı daha tez qəbul etməsinə səbəb olur, orqanizm bərpa prosesinə başlayır və insan psixoloji olaraq özünü motivasiya edir. Əgər insan qəti qərar verirsə, adətən daha az əziyyət çəkir. Lakin elə şəxslər də olur ki, “qərar verirəm, amma qeyri-müəyyənlik içindəyəm” deyə müraciət edirlər".

Aytən Ələkbərova: Prosesin əsas şərti insanın qəti qərar verməsidir

Mqüsahibimiz qeyd edib ki, məhz həmin qeyri-müəyyənlik siqareti tərgitmənin çətin mərhələlərini yaradır:

"Bu dövrdə baş ağrıları, ürəkbulanma, diqqət dağınıqlığı, əsəbilik, gərginlik, yuxu pozuntuları, iştahasızlıq kimi əlamətlər müşahidə oluna bilər. Adətən bu mərhələ 3-7 gün, bəzən 4-8 gün, müəyyən hallarda isə 2-6 gün davam edə bilər. Bu müddətin dəyişməsi insanın psixoloji xüsusiyyətlərindən asılıdır".

Psixoloq vurğulayıb ki, istək dalğası hər 5-10 dəqiqədən bir təkrarlaya bilər və bu zaman beynin fəaliyyətində müəyyən gərginlik yaranır:

"Eyni hal narkotikdən asılılıq yaşayan şəxslərdə də müşahidə olunur - yəni beyin “qaynama” mərhələsinə keçir. Bu mərhələdə narkoloqun reseptli müalicəsi, psixoloqun isə psixoterapevtik korreksiyası mühüm rol oynayır və nəticə əldə etməyə kömək edir”.

“Bir daha qeyd edirəm ki, prosesin əsas şərti insanın qəti qərar verməsidir. Qətiyyətli yanaşan şəxslər adətən daha az əziyyət çəkirlər", - deyə Aytən Ələkbərova əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Aprel 2026