• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Qəzzanın gələcək idarəçiliyi: Mahmud Abbasın açıqlamaları regiona nə vəd edir?

DÜNYA

09 Sentyabr 2025 | 14:44

Qəzzanın gələcək idarəçiliyi: Mahmud Abbasın açıqlamaları regiona nə vəd edir?

Yaxın Şərqdə baş verən son hadisələr fonunda Qəzza zolağının gələcək taleyi yenidən beynəlxalq müzakirələrin əsas mövzusuna çevrilib. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın “Qəzzanı idarə etməyə hazırıq” bəyanatı isə bu istiqamətdə yeni debatlara səbəb olub.

Siyasi dairələrdə bu məsələ həm İsrailin hədəfləri, həm də bölgə əhalisinin mövqeyi ilə bağlı müxtəlif ssenarilərin müzakirəsini aktuallaşdırır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Mahmud Abbasın son açıqlaması onun Fələstin Milli Administrasiyasının siyasi rolunu ön plana çıxarmaq istədiyini göstərir. Onun sözlərinə görə, Abbas rəhbərliyi uzun müddət Qəzzadan kənarda qalsa da, indi beynəlxalq dəstəyə arxalanaraq bu boşluğu doldurmağa çalışır:

“O, təkbaşına deyil, tərəfdaşlarla birlikdə bölgəni idarə etməkdən danışmaqla həm legitimlik qazanmaq, həm də müstəqil hərəkət etmədiyini göstərmək istəyir. Bu bəyanat əslində həm İsrail, həm də beynəlxalq güclər üçün mesajdır ki, alternativ rəhbərlik mövcuddur”.

Müsahibimiz qeyd edib ki, İsrail üçün Mahmud Abbas rəhbərliyi HƏMAS-dan daha etibarlı və proqnozlaşdırılan tərəfdir. Çünki HƏMAS radikal mövqeyinə görə İsrail üçün birbaşa təhlükə sayılır. Dediyinə görə, Abbas hökuməti isə kompromisə açıq və diplomatik kanallardan istifadə edən struktur kimi qəbul olunur. Buna görə də Təl-Əviv tam hədəflərinə çata bilmədiyi halda Abbas rəhbərliyinin Qəzzada möhkəmlənməsini qəbul edə bilər.

Züriyə Qarayeva:  Abbasın Qəzzada nəzarəti ələ alması asan proses olmayacaq

Qəzza əhalisinin bu mövzuya münasibətinə gəlincə, politoloq bildirib ki, burada ən böyük sual yerli əhalinin mövqeyi ilə bağlıdır. Müharibənin ağır nəticələrinə baxmayaraq, Qəzzada əhali hələ də HƏMAS-ı tamamilə tərk etməyə meylli deyil:

“Çoxları Abbas hökumətini zəif və real təsir gücündən uzaq görür. Bu səbəbdən də Abbasın Qəzzada nəzarəti ələ alması asan proses olmayacaq və əhali dəstəyi olmadan bu planın həyata keçməsi real görünmür”.

Z.Qarayeva hesab edir ki, əgər bu proses beynəlxalq dəstək və İsrailin razılığı ilə irəliləsə, Qəzzada yeni idarəçilik modeli gündəmə gələ bilər. Onun fikrincə, lakin bu, sadəcə siyasi niyyət bəyanatı olaraq da qalmaq ehtimalı yüksəkdir:

“Çünki bölgədə güc balansı hələ tam formalaşmayıb və müxtəlif oyunçuların maraqları toqquşur. Abbasın çıxışı həm regional diplomatiyada mövqeyini gücləndirmək cəhdi, həm də öz hökumətini legitim alternativ kimi təqdim etmə strategiyasıdır”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR