• Bakı 22° C

    6.64 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Vaşinqton Pekinə “hə” dedi: ABŞ-Çin iqtisadi əməkdaşlığı alınacaqmı?

DÜNYA

09 Oktyabr 2025 | 12:28

Vaşinqton Pekinə “hə” dedi: ABŞ-Çin iqtisadi əməkdaşlığı alınacaqmı?

Çin ABŞ ilə ticarət danışıqları fonunda Amerika iqtisadiyyatına 1 trilyon dollar dəyərində investisiya yatırmağı təklif edib. Pekin bunun qarşılığında Çin şirkətlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını şərt kimi irəli sürüb.

Təklifə Çin şirkətlərinə qoyulan milli təhlükəsizlik naminə məhdudiyyətlərin aradan qaldırılması da daxildir. ABŞ tərəfi təklifi qəbul edərək, Çinlə işləməyə hazır olduğunu bəyan edib.

Çinin bu təklifinin altında duran səbəblər nədir? ABŞ-Çin iqtisadi əməkdaşlığı həqiqətən mümkün ola biləcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Vüsalə Əhmədova bildirib ki, ABŞ Konqresinin bəzi nümayəndələri strateji sektorlarda milli təhlükəsizlik, texnologiya transferi və xarici ölkədən strateji asılılıq kimi risklər yarada biləcəyini əsas gətirərək təklifə müsbət yanaşmırlar.

Onun sözlərinə görə, ABŞ kritik texnologiyalar, müdafiə sənayesi, yarımkeçiricilər və biotexnologiyalar kimi sektorlarda xarici investisiyalara ciddi nəzarət edir:

"Çindən ABŞ-yə 1 trilyon dollarlıq investisiya təklifi ilə bağlı xəbərlər son günlər xarici medianın gündəmini zəbt edib. Belə bir təklifin reallaşıb-reallaşmayacağını söyləmək üçün bir sıra imkanları və riskləri müxtəlif perspektivlərdən nəzərdən keçirmək tələb olunur. Öncəliklə onu qeyd edim ki, Çin tərəfi bir sıra şərtlər irəli sürür. ABŞ-nin Çin investisiyalarına qarşı proteksionist məhdudiyyətləri yumşaltması müqabilində ABŞ üçün böyük bir investisiya paketi təklif ediləcəyi bildirilir”.

Müsahibimiz qeyd edib ki, bundan əlavə, Çin tərəfi ABŞ-də qurulacaq fabriklərdə istifadə olunacaq yarımfabrikatların idxalına tariflərin azaldılması və ya güzəştlərin edilməsi kimi tələblər irəli sürür. Çin tərəfi təklifin potensial olaraq 1 trilyon dollar diapazonunda ola biləcəyini təklif edir, lakin dəqiq məbləğin nə qədər olacağı, hansı müddətdə investisiya ediləcəyi hələ müəyyənləşdirilməyib.

İqtisadçı vurğulayıb ki, ABŞ qabaqcıl texnologiyaların Çinə ötürülməsini istəmir, Çinin bəzi texnologiyalar baxımdan inkişaf etməsindən ehtiyatlanır. Onun fikrincə, bu baxımdan Çin şirkətlərinin bu sektorlara birbaşa investisiya qoyması real görünmür. Həmçinin, Çin iqtisadiyyatı dövlət tərəfindən idarə olunur, ABŞ iqtisadiyyatı isə tam bazaryönümlü struktura malikdir.

Vüsalə Əhmədova: Çin və ABŞ arasında balanslı addımlarla məhdud inteqrasiya modeli yarana bilər

"İki iqtisadi sistem arasında istər investisiya modelləri və qanunvericilik bazası, istərsə də, biznes mədəniyyəti və tənzimləyici qaydalar baxımından böyük uyğunsuzluqlar var. Hətta əyalətlər arasında tənzimləmə və vergi çərçivəsində fərqliliklər mövcuddur. Çinin, ilk növbədə, yalnız infrastruktur, enerji və bəzi istehsal sahələri kimi aşağı riskli sektorlara investisiya qoymasına şərait yaradıla bilər. Lakin yüksək texnologiyalı sahələrə girişinə məhdudiyyətlər qoyulacaq. Strateji texnologiyalar və müdafiə sənayesi kimi sahələr üçün məhdudiyyətlər hər zamankı kimi davam edəcək", - deyə müsahibimiz əlavə edib.

V.Əhmədova hesab edir ki, investisiya həcminin tam 1 trilyon dollar səviyyəsinə çata biləcəyi real görünmür. Çox güman ki, yüz milyard dollarlıq məhdud paketlə investisiyalara başlanılacaq. Dolayısıyla, Çin və ABŞ arasında balanslı addımlarla məhdud inteqrasiya modeli yarana bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Oktyabr 2025