ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün yeni görüşün Budapeştdə keçirilməsini istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqları zamanı bildirib.
Trampın sözlərinə görə, daha əvvəl görüşün keçirilməsini istəməsə də, əgər belə bir sammit baş tutarsa, onun Budapeştdə olmasını arzulayır:
“Görüşü Macarıstanda, Budapeştdə saxlamaq istərdim. Əvvəl istəmirdim, çünki düşünürdüm ki, orada ciddi bir nəticə əldə olunmayacaq. Amma əgər keçirilsə, Budapeştdə olmasını istəyərdim”, – deyə ABŞ Prezidenti bildirib.
O həmçinin qeyd edib ki, Putinlə Budapeştdə görüşün baş tutması üçün həmişə müəyyən şans var.
Xatırladaq ki, oktyabrın 23-də Donald Tramp Budapeştdə keçirilməsi planlaşdırılan danışıqları ləğv etdiyini bildirmişdi. O, həmin vaxt görüşün lazım olan nəticəni verməyəcəyini düşünürdü.
Putin isə məsələni şərh edərkən bildirib ki, hazırlıq olmadan belə bir sammitin keçirilməsi səhv olardı və söhbət danışıqların tam ləğvindən yox, onların təxirə salınmasından getdiyini vurğulayıb.
Bundan əvvəl Viktor Orban Ukraynada sülhə can atan iki ölkənin adını açıqlamışdı.
Bakı 



