"Dünyada yeni geosiyasi qarşıdurmaların artdığı bir dövrdə Cənubi Qafqaz kimi münaqişə potensialının yüksək olduğu regionda sülhün qorunması xüsusi əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində prioritetləri də regionda mövcud sabitliyin qorunmasına xidmət edir. Bu baxımdan büdcə prioritetlərinin düzgün müəyyənləşdirilməsi mühüm rol oynayır.
Sahib Alıyev təmsil etdiyi Ağdaş rayonunun problemlərinə də toxunub. O, rayonda bəzi infrastruktur layihələrinin icrasının uzanmasına anlayışla yanaşdıqları üçün seçicilərinə təşəkkür edib.
Deputat yolların tikintisinin sürətləndirilməsini, elektrik infrastrukturunun yenilənməsini, qazlaşdırılmamış kənd və yaşayış məntəqələrinin qazla təmin olunmasını, eləcə də su qıtlığı probleminin həllini xahiş edib.
O, həmçinin bəzi kəndlərdə məktəblərin və digər sosial obyektlərin vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Deputat hesab edir ki, təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə məktəblərin birləşdirilməsi və onların yerində Zəngilandakı nümunəyə uyğun təhsil komplekslərinin yaradılması nəzərdən keçirilməlidir.
Sahib Alıyev bildirib ki, müasir dövr həm tədris prosesinin, həm də təhsil infrastrukturunun yenilənməsini tələb edir.
Zeynəb Rzayeva
















