"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.
















