2027-ci ildən etibarən milli valyutada bank əmanətlərindən əldə olunan faiz gəlirlərinin bir hissəsi gəlir vergisinə cəlb oluna bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması təklif edilsə də, Məcəllənin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan əmanət faizləri üzrə vergi güzəştinin müddətinin artırılması nəzərdə tutulmayıb.
Deputat xatırladıb ki, mövcud qanunvericiliyə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Eyni zamanda, milli valyutada yerləşdirilən depozit 18 ay və daha artıq müddətə qoyulduqda və əsas məbləğ 18 aydan tez olmayaraq ödənildikdə, həmin depozit üzrə faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.
V.Bayramov qeyd edib ki, güzəşt müddəti uzadılmasa, 2027-ci ildən bir bankda milli valyutada yerləşdirilən depozitlər üzrə aylıq faiz gəlirlərinin 200 manatdan artıq olan hissəsi vergiyə cəlb ediləcək.
Məsələn, bank əmanətindən aylıq 500 manat faiz gəliri əldə edən şəxsin gəlirinin 300 manatlıq hissəsinə gəlir vergisi tətbiq olunacaq.
Deputatın fikrincə, bu güzəştlər həm vətəndaşların gəlirləri, həm də banklarda əmanətlərin strukturunun dəyişməsi baxımından əhəmiyyətlidir. O bildirib ki, hazırda bankların öhdəliklərinin 76,4 faizi və ya 41,8 milyard manatı depozit portfelinin payına düşür. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərindən ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 64,7 faizi müddətli əmanətlərdir. V.Bayramovun sözlərinə görə, vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
Deputat vurğulayıb ki, üç il əvvəl tətbiq edilən güzəştlər bank sektorunda depozitlərin strukturuna müsbət təsir göstərib. Bununla yanaşı, bank sektorundakı dəyişikliklərə Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri və islahatların dərinləşdirilməsi də təsir edib.
O qeyd edib ki, 2030-cu il üçün əsas hədəflərdən biri biznes kreditlərinin payını artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var. Eyni zamanda, uzunmüddətli əmanətlərin təşviqi nağd pul kütləsinin (M0 aqreqatının) payının azaldılması baxımından da əhəmiyyət daşıyır.
V.Bayramovun qənaətinə görə, vergi güzəştləri qısamüddətli fiskal gəlirlərdən daha çox uzunmüddətli iqtisadi nəticələr nəzərə alınmaqla müəyyənləşdirilməlidir. O hesab edir ki, güzəştlərin uzadılmasının iqtisadi səmərəsi büdcəyə gətirəcəyi fiskal gəlirdən daha yüksək ola bilər.
Deputatın hesablamasına əsasən, hər 1 milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz dividend gəliri və həmin gəlirə tətbiq edilən 10 faizlik vergi nəzərə alındıqda, güzəştlərin uzadılması strateji iqtisadi məqsədlərə xidmət edə bilər.
V.Bayramov 18 ay və daha artıq müddətə yerləşdirilən bank əmanətləri üzrə faiz gəlirlərinin daha üç il müddətinə gəlir vergisindən azad edilməsini təklif edib. O bildirib ki, bu təklifi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da səsləndirib.
Deputatın fikrincə, güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasətlə dəstəklənməsinə və depozit portfelində uzunmüddətli əmanətlərin payının artırılmasına kömək edə bilər.
Murad İsmayıl
















