ABŞ-da ikinci dəfə prezident kürsüsünə oturmağa hazırlaşan Donald Trampın Qrenlandiyanı ilhaq etmək planının arxasında qiymətli mədən və nadir elementlərin olduğu ortaya çıxıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, son illərdə Çin şirkətlərinin mədən lisenziyalarının ləğv edildiyi Qrenlandiya, dəmir, uran, gümüş, almaz, boksit, zirkon və titan yataqları ilə zəngin sərvətlərə sahibdir.
Qrenlandiya strateji baxımdan Trampın Çini zəiflətmək planında mühüm rol oynayır.
Donald Trampın Qrenlandiya ilə bağlı çıxışı dünya gündəmində böyük səs-küyə səbəb olub. Danimarkaya tabe olan Qrenlandiyanın ABŞ-a qatılmalı olduğunu israrla müdafiə edən Trampın bu çağırışının səbəbi ciddi müzakirələrə yol açıb. Ekspertlərin fikrincə, 20 yanvarda prezidentlik səlahiyyətlərini yenidən alacaq Trampın bu mövzuda atacağı addımlar diplomatik dairələrdə narahatlıq yaradıb.
Atlantik okeanının şimalında yerləşən və 2 milyon 166 min kvadrat kilometr ərazini əhatə edən Qrenlandiya, dünyanın ən böyük buz örtüyü ilə tanınır. Lakin bu buzlaqların altında Qrenlandiyanın təbii sərvətlərlə zəngin olduğu məlumdur. Bu səbəbdən, Tramp administrasiyası adanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını və Çinlə rəqabətdə üstünlük qazanmaq üçün kritik rol oynadığını düşünür.
Qrenlandiyanın təbii ehtiyatlarının ABŞ və Çin arasında güc balansını dəyişə biləcəyi vurğulanır. Diplomatik analitiklərin fikrincə, Trampın bu mövzuda həyata keçirəcəyi siyasət qlobal güclər arasında yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər.
Nuriyyə Musayeva