İran və ABŞ arasındakı münasibətlər son illərdə ciddi gərginliklərlə səciyyələnib və bu vəziyyət xüsusilə Tramp administrasiyasının İranla bağlı sərt siyasətləri ilə daha da dərinləşib.
Tehran ABŞ-nin "maksimum təzyiq" taktikasını diplomatik həllə gedən yolda ciddi maneə kimi qiymətləndirir. İran hökuməti prezident Donald Trampın diplomatiyaya yanaşmasının qeyri-səmimi olduğunu iddia edərək, onunla danışıqlar aparmağı mənasız hesab edir. Rəsmi Tehran 2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı kimi nüvə razılaşmasının ABŞ tərəfindən birtərəfli şəkildə ləğv edilməsini əsas götürərək, güc dilinin diplomatik müzakirələrə təsir etmədiyini vurğulayır.
Bu kontekstdə İranın ABŞ ilə danışıqlara "yox" deməsi, beynəlxalq münasibətlərdə güc və diplomatiyanın necə qarşı-qarşıya gəldiyinə dair mühüm suallar doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Tehranın ABŞ ilə danışıqları davam etdirmək istəməməsi Tramp administrasiyasının addımları ilə bağlıdır. Onun sözlərinə görə, İran hökuməti bu istiqamətdə mənfi yanaşma xəttini seçməyib:
"Bəllidir ki, Məsud Pezeşkian yetərincə islahatçı prezidentdir. Onun xarici siyasət xəttinin əsasını Qərblə, o cümlədən, Birləşmiş Ştatlarla danışıqlar təşkil edir. Lakin Xamenei və onun komandası ABŞ-yə qarşı fərqli ritorika ilə çıxış edir. Onlar daha çox güc tətbiq etmək istiqamətində hərəkət etmək istəyirlər. Bu, onların əzəli nümayişetdirmə xəttidir. Düşünürəm ki, onlar rəsmi Vaşinqtonla danışıqların diplomatik münasibətlərdə yüksələn hadisələrin olmayacağını öz fərziyyələrində müəyyənləşdirib. Buna görə də, bir növ öncədən addım atıb əlaqələrin yaranmasından qaçırlar”.
Müsahibimizə görə, digər tərəfdən, belə bir ehtimal var ki, onların arasında hansısa gizli danışıqlar gedir. Yəqin ki, bu hərəkətlərdə hansısa razılıq əldə edilməyib. Məhz bu səbəbdən İran tərəfi danışıqlarda maraqlı olmayan tərəf kimi görsənir.
Əli Mustafa: Nəticə etibarilə iki ölkə arasında olan proseslər masa arxasında həll ediləcək
Ə.Mustafa bildirib ki, iki tərəf üçün də problem yaradan əsas xüsus İsraillə olan əlaqələrdir:
"Onlar Təl-Əvivlə olan əlaqələrdən müəyyən dərəcədə narahatdırlar. Düşünürlər ki, iki tərəfin arasında olan danışıqlar məhz bu səbəbdən nəticə verməyəcək. Hər halda, Trampın İranla bağlı ciddi planları olduğu düşünülürdü. Onun çıxışlarında da bunu müşahidə etmək olar - İrana qarşı sərt iddialar, təhdidlər, hətta İsrailə verilən raketlər də bu düşüncənin yaranmasına gətirib çıxarıb. Buna görə də hərbi qarşıdurmaların olması da bir ehtimaldır. Ən ciddi məsələ isə budur ki, İran Çinlə əlaqələri yaxşılaşdırıb özünü qorumağa çalışır. Görünür ki, onların yeni administrasiyası ilə bağlı fikirlər birmənalı deyil. Bu birmənalı olmayan iddiaların yaranmasında da səbəb birbaşa Yaxın Şərqdə baş verən proseslərdir",
Politoloq qeyd edib ki, İran son zamanlar öz hərbi gücünü, o cümlədən, hərbi dəniz bazasını, digər qüvvələrini nümayiş etdirir. Bu tip situasiyanın formalaşması "danışıqlara məcburetmə" təsiri bağışlayır:
"Rəsmi Tehranın öz ordusunu göz önündə saxlaması onu göstərir ki, onlar ABŞ-yə hərbi ritorika ilə danışa biləcəklərini sübut etmək istəyir. Yəqin ki, hərbi gücün nümayişi hər şeyin sübutudur. Bəlkə də, bütün bu addımlar Amerika Birləşmiş Ştatlarını danışıqlar masasına gətirmək üçündür. Bütün hallarda düşünürəm ki, nəticədə İran öz münasibətlərini ABŞ ilə masa arxasında həll etməyə məcbur olacaq".
Əli Hüseynov