• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Gələn il sülh sazişi reallığa çevrilə bilər

SİYASƏT

27 Oktyabr 2025 | 16:59

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: Gələn il sülh sazişi reallığa çevrilə bilər

Vaşinqtonda avqustun 8-də imzalanmış Birgə Bəyannamə və digər əldə olunmuş tarixi razılıqlar regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir.

Bakıvaxtı.az xəbər verir ki. bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında bildirib.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işlərindən, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda imzalanan sənədlərdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb.  Onun sözlərinə görə, bu reallıqların əsas təzahürü Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində növbəti addımın atılmasıdır:

"Bu addım sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişdir. Bundan başqa, Vaşiqntonda imzalanan sənədlər Rusiyanın regiondakı təsir imkanlarını xeyli dərəcədə azaldıb. Lakin bu o demək deyil ki, regiondakı yeganə destruktiv qüvvə elə Rusiya idi. Burada istənilən üçüncü qüvvənin, o cümlədən ABŞ-nin özünəməxsus maraqları var. Rəsmi Bakı bunu çox gözəl başa düşür və nəzərə alır".

K.Novruzovun fikrincə, sülh mətninin paraflanmasından sonra ölkə başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif beynəlxalq tədbirlərdə tez-tez görüşürlər. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub.

Kənan Novruzov: Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan Konstitusiyasının dəyişdirilməsi istiqamətində addım atılacaq

Müsahibimiz qeyd edib ki, artıq iki ölkənin vətəndaş cəmiyyətləri arasında görüşlər keçirilir. Siyasi elita arasında formalaşmaqda olan normallaşma münasibətləri artıq xalqlar arasına keçir. Siyasi sərhçi bildirib ki, əsas məsələ Paşinyanın parlament seçkilərinə qədər hakimiyyətə qalmasıdır.

“Təbii ki, onun hakimiyyətdən getməsini sitəyən daxili və xarici qüvvələr var. Hətta Paşinyanın hakimiyyətdə getməsi istiqamətində müəyyən səylərin olması gözləniləndir. Lakin buna baxmayaraq, Paşinyanın yenə də hakimiyyətdə qalması ehtimalı yüksəkdir", - deyə müsahibimiz əlavə edib.

Kənan Novruzov hesab edir ki, Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan Konstitusiyasının dəyişdirilməsi istiqamətində addım atılacaq:

"Bundan sonra isə sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq. Bu kontekstdə 2026-cı ildə sülh sazişinin imzalanması istisna deyil".

Gülşən Şərif


SON XƏBƏRLƏR