Dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni tikililərin mövcudluğu həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır: "Lakin dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir. Mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir. Dəmir yollarında hər hansı hadisə baş verdikdə mühafizə zonalarındakı bu cür sıx məskunlaşmanın olduğu ərazilərə yanğınsöndürmə və təcili tibbi yardım heyəti daxil ola bilmir. Halbuki dəmiryol xətti çəkilərkən mühafizə zonasının ayrılmasında məqsəd xüsusilə təhlükəsizliyin təmin edilməsidir".
O qeyd edib ki, qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini də çətinləşdirir: "Nəticədə təmir müddəti uzanır, bu da qatarların hərəkət qrafikində uzun müddət ləngimələrə səbəb olur. Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdəki sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 reys həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 900 min nəfər təşkil edir. Bu hal sakinlərin də həyatını riskə atır, həmin ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir".
A.Ağayev vurğulayıb ki, ADY qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir və müvafiq qurumların qərarı əsasında, qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Bakı 




