Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh müqaviləsi imzalamaq istədiyini bəyan etməklə həm regional, həm də qlobal miqyasda siyasi diqqəti üzərinə çəkib.
Kuril adaları ilə bağlı tarixi mübahisələrin hələ də həll olunmadığı bir vaxtda bu təşəbbüs Kreml tərəfindən ehtiyatla qarşılanıb. Rusiya tərəfi dərhal hərbi güc nümayiş etdirərək Yaponiyanın yaxınlığında bombardmançı və döyüş təyyarələri uçurmaqla sərt mesaj verib. Bu vəziyyət Asiya-Sakit okean regionunda yeni diplomatik balansların formalaşa biləcəyi ehtimalını artırır. Məsələ həm Yaponiyanın daxili siyasətinə, həm də onun təhlükəsizlik və xarici əlaqələr sisteminə təsir göstərə bilər.
Bu məsələlərlə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva ehtimal edir ki, Yaponiyanın Rusiya ilə münasibətləri yumşaltmaq istəyi regiondakı güc balansını dəyişə bilər. Onun sözlərinə görə, Çin və Cənubi Koreya kimi ölkələr bu prosesi diqqətlə izləyir, çünki hər iki dövlət Moskva-Tokio xəttindəki gərginliyin azalmasının öz maraqlarına necə təsir edəcəyini qiymətləndirir:
“Eyni zamanda, ABŞ da Yaponiyanın bu addımını ehtiyatla qarşılayacaq, çünki Vaşinqton üçün Tokio Asiyada əsas strateji tərəfdaşdır. Əgər Yaponiya Rusiya ilə yaxınlaşarsa, bu, ABŞ-nin regional təsir dairəsini zəiflədə bilər. Lakin diplomatik baxımdan bu təşəbbüs Yaponiyanın “sülh vasitəçisi” obrazını gücləndirə bilər. Buna görə də yeni ittifaqların yaranması ehtimalı real olsa da, bu proses çox ehtiyatla və mərhələli şəkildə inkişaf edəcək”.
Bu qərarın Yaponiyanın daxili siyasətində baş nazirin reytinqinə göstərəcəyi təsirə gəlincə, politoloq qeyd edib ki, Yaponiyada cəmiyyətin sülh və sabitlik ideyalarına həssas münasibəti var, ona görə bu təşəbbüs ilk mərhələdə müsbət qarşılanacaq. Dediyinə görə, lakin Rusiyanın sərt reaksiyası - xüsusilə hərbi təxribat elementləri - ictimai rəyin dəyişməsinə səbəb ola bilər. Müsahibimiz bildirib ki, əgər gərginlik artarsa, mühafizəkar dairələr hökuməti zəif mövqe tutmaqda ittiham edə bilər:
“Əksinə, əgər diplomatik danışıqlar konkret nəticələr verərsə, baş nazirin reytinqi güclənəcək və bu, onun siyasi mövqeyini möhkəmləndirəcək. Hazırda ictimai rəydə gözləntilər və narahatlıqlar paralel şəkildə formalaşır. Beləliklə, bu qərarın siyasi effekti danışıqların gedişatından birbaşa asılı olacaq”.

Züriyə Qarayeva: Yaponiya “sülhsevər dövlət” obrazını qoruyur və bu təşəbbüs həmin imici möhkəmləndirmək üçün bir fürsətdir
Z.Qarayeva hesab edir ki, əgər Moskva ilə münasibətlər normallaşarsa, Tokio təhlükəsizlik prioritetlərini yenidən nəzərdən keçirə bilər. Bu, xüsusilə ABŞ ilə hərbi əməkdaşlığın balanslaşdırılması və regional müdafiə strategiyasının çevikləşdirilməsi baxımından əhəmiyyətlidir. Lakin hazırkı gərginlik şəraitində Yaponiya müdafiə xərclərini azaltmaq və ya hərbi siyasətini yumşaltmaq niyyətində deyil:
“Rusiya tərəfinin hərbi cavabı, əksinə, ölkədə müdafiə büdcəsinin artırılması yönündə siyasi arqument kimi istifadə oluna bilər. Digər tərəfdən, Tokio diplomatik kanallar vasitəsilə Rusiya ilə qarşıdurmadan qaçmağa çalışacaq. Bu da göstərir ki, Yaponiya həm sərt güc, həm də yumşaq diplomatiya vasitələrini paralel şəkildə işlətməyə davam edəcək”.
“Bu təşəbbüs beynəlxalq səviyyədə Yaponiyanın imicinə necə təsir edəcək” sualına cavab verən həmsöhbətimiz deyib ki, Yaponiya uzun illərdir “sülhsevər dövlət” obrazını qoruyur və bu təşəbbüs həmin imici möhkəmləndirmək üçün bir fürsətdir. Onun fikrincə, əgər Tokio bu prosesdə diplomatik müdriklik nümayiş etdirərsə, o zaman beynəlxalq aləmdə etibarlı vasitəçi kimi qəbul oluna bilər:
“Lakin Rusiya ilə gərginliyin dərinləşməsi halında bu addım uğursuz diplomatik cəhd kimi qiymətləndirilə bilər. Qərb ölkələri, xüsusilə ABŞ, Yaponiyanın bu addımını öz maraqları ilə uyğunlaşdırmaq istəyəcək. Buna görə Tokio üçün ən mühüm məsələ balanslı siyasət yürütmək, həm regionda, həm də qlobal miqyasda etimadı itirməməkdir. Ümumilikdə, bu təşəbbüs Yaponiya üçün həm risk, həm də yeni siyasi imkanlar doğurur”.
Zülfü Məmmədov
Bakı 


