• Bakı 10° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

ABŞ-nin 2025 strategiyası: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni güc oyunu

DÜNYA

13 Dekabr 2025 | 10:22

ABŞ-nin 2025 strategiyası: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni güc oyunu

2025-ci ildə Vaşinqton tərəfindən qəbul edilən yeni Milli Təhlükəsizlik Strategiyası təkcə ABŞ-nin xarici siyasətində kurs dəyişikliyi deyil, həm də qlobal güc münasibətlərinin yenidən formalaşması baxımından dönüm nöqtəsi kimi dəyərləndirilir.

“America First” prinsipinin ilk dəfə olaraq ideoloji və institusional çərçivəyə salınması ABŞ-nin Soyuq Müharibədən sonrakı dövrünə hakim olmuş qlobalist doktrinanın sonunu simvolizə edir. Bu sənəd Vaşinqtonun resurslarının dünyanın müxtəlif nöqtələrində paralel öhdəliklərə sərf edilməsinin strateji səhv olduğunu vurğulayır və ABŞ siyasətini daha selektiv, daha sərt və daha praqmatik istiqamətə yönəldir.

Yeni strategiya həm də liberal beynəlxalq nizamın davamlılığını sual altına qoyan, regionların öz daxilində yeni güc balansı axtarışlarını sürətləndirən addımların başlanğıcı kimi qəbul olunur. Yaranan mənzərə təkcə Vaşinqton–Moskva–Pekin qarşıdurmasına təsir etmir, həmçinin Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturasını da yenidən dizayn edir.

Sənədin geosiyasi nəticələrini Bakıvaxtı.az-a təhlil edən politoloq Züriyə Qarayeva bildirib ki, bu sənəd ilk dəfə “America First” prinsipini siyasi şüar olmaqdan çıxarıb konseptual doktrinaya çevirir. ABŞ-nin qlobal öhdəliklərini yenidən nəzərdən keçirməsi və resursların yalnız həyati maraqlar olan regionlara yönəldiləcəyi vurğulanır.

Müsahibimiz bildirib ki, əvvəlki strategiyalarda geniş görünən “dəyər əsaslı müdaxilə” yanaşması bu dəfə yerini milli suverenlik və iqtisadi davamlılıq prioritetinə verir. Vaşinqton daha əvvəl daşıdığı qlobal stabilizator rolunun iqtisadi baxımdan dayanıqsız olduğunu açıq şəkildə etiraf edir:

“Strategiya həmçinin liberal nizamın universallığını şübhə altına alaraq ABŞ-nin hegemon ambisiyalarının məhdudlaşdırılması mesajını verir. Bu isə Vaşinqtonun həm müttəfiqlərlə, həm də rəqib dövlətlərlə münasibətlərində tamamilə yeni bir fazaya keçdiyini göstərir”.

“Sənəddə ittifaqlara “transaksional yanaşma”nın vurğulanması ABŞ–Avropa münasibətlərinə necə təsir göstərə bilər” sualına cavab verən politoloq deyib ki, transaksional model o deməkdir ki, ABŞ bundan sonra təhlükəsizlik öhdəliklərinin müqabilində konkret və simmetrik maddi töhfə tələb edəcək. Bu, Avropa ölkələrinin xüsusilə müdafiə xərclərini artırmaq məcburiyyətində qalacağını göstərir. Onun sözlərinə görə, strategiya ABŞ-nin Avropanın təhlükəsizliyinin “sabit sponsor”u olmaqdan imtina edəcəyinə dair siqnal kimi də oxuna bilər:

“Bu, Avropanı daha sərt strateji avtonomiya axtarışına vadar edəcək və NATO daxilində yük bölgüsünü yenidən gündəmə gətirəcək. Vaşinqtonun Avropa ilə münasibətlərinə daha çox praqmatik və hesablanmış yanaşması transatlantik birliyin içində yeni gərginlik xətti yarada bilər. Nəticədə, Avropa tədricən ABŞ-dan asılılığı azaltmağa yönələn daha çox siyasi və müdafiə təşəbbüsləri formalaşdırmağa məcbur olacaq”.

Züriyə Qarayeva: ABŞ-nin yeni strategiyası regional güclərin daha aktiv rol alması ilə nəticələnə bilər

Z.Qarayeva qeyd edib ki, strategiyada Çin “əsas sistem rəqibi”, Rusiya isə “regional təhdid” kimi təqdim edilir. Bu yanaşma ABŞ-nin üzləşdiyi təhlükələri iki ayrı strateji səbətə yerləşdirərək prioritetləri daha dəqiq müəyyənləşdirir: “Vaşinqton Çinlə rəqabəti uzunmüddətli sistem mübarizəsi kimi görür və texnoloji üstünlüyü qorumağı fundamental hədəf elan edir. Rusiya ilə münasibətlərdə isə məqsəd Moskvanın regional ekspansiyasını məhdudlaşdırmaq və Avrasiyada güc balansını nəzarətdə saxlamaqdır. Bu bölgü ABŞ-nin resurslarını daha məqsədyönlü bölməsinə imkan verir və xüsusilə Sakit Okean regionunun önəmini artırır. Beləliklə, yeni strategiya Çinlə rəqabəti mərkəzə çəkərək qlobal güc dinamikasının ağırlıq nöqtəsini Asiyaya yönəldir”.

Bu strategiyanın Yaxın Şərq, Cənubi Qafqaz və digər regional münaqişələrə potensial təsirinə gəlincə, həmsöhbətimizə görə, yeni sənəd göstərir ki, ABŞ yalnız öz milli maraqları ilə birbaşa çarpışan münaqişələrə müdaxilə edəcək. Bu, Yaxın Şərqdə Vaşinqtonun daha selektiv və daha az riskli mövqe tutacağına işarə edir. Cənubi Qafqazda isə ABŞ-nin siyasəti daha çox regional güclər arasında balans yaratmağa, lakin birbaşa hərbi öhdəliklərdən uzaq durmağa yönələcək.

“Vaşinqtonun bu çəkilmə tendensiyası region ölkələrinin daha çox öz təhlükəsizlik modelini formalaşdırmasına şərait yaradacaq. Bu isə Azərbaycan, Türkiyə və regional aktorların daha böyük strateji manevr sahəsinə sahib olması deməkdir. Nəticədə, ABŞ-nin yeni strategiyası qlobal konfliktlərin bir çoxunda məsuliyyətin bölüşdürülməsi və regional güclərin daha aktiv rol alması ilə nəticələnə bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

12 Dekabr 2025