Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.
Bakıvaxtı.az Palataya istinadən xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 milyon manat, xaricolmalar üzrə 146,7 milyon manat olub.
Auditlə əsasən aşağıdakılar müəyyən edilmişdir.
İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27140,1 min manat və 27140,1 min manat) və enerji (müvafiq olaraq, 5794,1 min manat və 5834,4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57,5%, 2024-cü ildə isə 57,1% təşkil etmişdir ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olmuşdur.
İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmamışdır.
İki il ərzində dövlət büdcəsindən 89,6 mln. manat subsidiya məbləğinin və 5,5 mln. manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3,7 min Qkal (0,3%), istilik enerjisi alışının 8,0 min Qkal (6,1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10,1 min Qkal (0,8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0,2% və qeyri-əhali istehlakçı qrupu üzrə 6,0%, gəlirlərin 3,9 mln. manat məbləğində (7,5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3,5 mln. manat (75,3%) məbləğində azalmasını göstərmişdir.
Təqdim edilmiş məlumatlara əsasən 2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37,0 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43,0 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37,0 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2,0 dəfədən də çox üstələmiş, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olmuşdur.
Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir.
Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirmiş, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaratmışdır.
Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) "Azəristiliktəchizat" ASC-yə aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və ya bitməmiş tikili kimi qalması "Azəristiliktəchizat" ASC-nin fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırmışdır.
İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 01.01.2023-cü il tarixinə 20758,9 min manat, 01.01.2025-ci il tarixinə 24749,4 min manat, 01.04.2025-ci il tarixinə isə 34532,6 min manat təşkil etdiyini göstərmiş, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86,0-90,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71,0-78,0%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40,0-45,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20,0-25,0%) intervalında dəyişdiyini deməyə əsas vermişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1618067,4 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməmişdir.
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3654,3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə almış, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmişdir.
Bakı 


