BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və BMT Qadınlar Təşkilatı (UN Women) yeni birgə hesabat dərc edib.
Bakıvaxtı.az-ın məlumatına görə, hesabatda bildirilir ki, dünyada hər 10 dəqiqəyə bir qadın və ya qız qohumu tərəfindən qətlə yetirilir. Təşkilatların təqdim etdiyi statistika gender əsaslı zorakılığın qlobal miqyasda nə qədər dərin olduğunu bir daha ortaya qoyur.
“Femisid halları əksər ölkələrdə ciddi şəkildə azalmır. Bir çox qurbanların ölümündən əvvəl uzun müddət davam edən zorakılığa məruz qaldığı məlum olur",– hesabatda qeyd olunur.
UN Women nümayəndələri bildiriblər ki, bu rəqəmlər dövlətlərin qanunvericilik və müdafiə mexanizmlərini gücləndirməsinin vacibliyini göstərir. Təşkilat həmçinin zorakılıq qurbanlarının müdafiəsi, təcili müdaxilə xidmətləri və risk qruplarının monitorinqi üzrə daha güclü regional əməkdaşlığa çağırıb.
Hesabatın nəticələri xüsusilə Latın Amerikası, Asiya və Afrika regionlarında femisid hallarının artmaqda olduğunu ortaya qoyur. Ekspertlərin sözlərinə görə, real rəqəmlər daha yüksək ola bilər, çünki bir çox ölkədə femisid halları düzgün sənədləşdirilmir və məişət zorakılığı kimi qeydə alınır.
Təşkilatlar dövlətlərə çağırış edərək vurğulayıb ki, femisidin qarşısının alınması üçün statistik məlumatların dəqiq toplanması, risklərin müəyyənləşdirilməsi və təhlükədə olan qadınların vaxtında qorunması əsas prioritet olmalıdır.
Əli Hüseynov
Bakı 



