Qubada yeni meyvə emalı müəssisəsi tikilir.
Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, zavodda meyvə konsentrantı və meyvə şirəsinin istehsalı, həmçinin qablaşdırılması həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 4 min ton olacaq.
Zavodun fəaliyyətə başlaması həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, ümumi dəyəri 25 milyon manat olan müəssisə 2 hektar ərazini əhatə edir və tam istifadəyə verildikdən sonra burada 112 nəfərin daimi məşğulluğu təmin olunacaq. Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.
Müəssisənin açılışı bu ilin sentyabr ayında nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işlərinin son mərhələsidir.