"Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Laçın rayon sakini, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.
O qeyd edib ki, iki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən azərbaycanlıları müşayiət edirdilər, uzaq başı kənardan onların baxırdılar ki, nə var, nə yoxdu: "Son vaxtlar isə maşınlarımızın hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s".
Onun sözlərinə görə, yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib: "Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var.
Düşünürəm ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır. Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar.
Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zaonası"nı dayanmadan keçirlər.
Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar".
Ramid İbrahimov
















