• Bakı 22° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Rusiyanın dron hücumu Qərbi test edir: NATO-nun 5-ci maddəsi gümdəmdə

DÜNYA

13 Sentyabr 2025 | 09:32

Rusiyanın dron hücumu Qərbi test edir: NATO-nun 5-ci maddəsi gümdəmdə

Rusiyanın NATO üzvü olan Polşanın hava məkanına müdaxiləsindən sonra geosiyasi aləmdə yeni canlanma müşahidə olunur. Bu hücumdan sonra Fransa, Almaniya, Estoniya, Çexiya, Böyük Britaniya, İtaliya, Finlandiya və Baltikyanı ölkələr Polşaya dəstək nümayiş etdirməyə başlayıblar.

Polşaya 20-yə yaxın dronun buraxılması Ukrayna münaqişəsi ilə paralel, Polşa-Rusiya müharibəsinə də səbəb ola bilərmi? Hesab etmək olarmı ki, həmin dövlətlər öz milli maraqlarını təmin etməyə çalışırlar?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiyanın NATO üzvü olan Polşanın hava məkanına dronlarla müdaxiləsi beynəlxalq hüququn və kollektiv təhlükəsizlik prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, bu hadisə təkcə texniki insident deyil, həm də Kremlin strateji niyyətlərini əks etdirən geosiyasi mesajdır. Ukrayna münaqişəsinin davam etdiyi bir zamanda Polşaya qarşı bu cür addım Rusiyanın NATO-nun şərq cinahını test etmə cəhdinin bariz nümunəsidir:

"Polşaya buraxılan 20-yə yaxın dronun miqyası və zamanlaması göstərir ki, Moskva Qərbin reaksiyasını ölçmək və NATO-nun kollektiv müdafiə mexanizmini sınağa çəkmək niyyətindədir. Bu kontekstdə Avropa dövlətlərinin Polşaya verdiyi dəstək yalnız diplomatik jest deyil, həm də öz milli maraqlarının və təhlükəsizliklərinin qorunmasına yönəlmiş rasional addımdır. Fransa, Almaniya, Böyük Britaniya, Baltikyanı ölkələr və digərləri Polşaya verdikləri dəstək vasitəsilə həmrəyliyini nümayiş etdirməklə yanaşı, Rusiyanın davranışına qarşı vahid cəbhə formalaşdırmağa çalışırlar. Bu, Avropanın təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı ola bilər. NATO-nun 5-ci maddəsinin potensial aktivləşdirilməsi ehtimalı isə regionda genişmiqyaslı müharibə riskini artırır".

Tural İsmayılov: Avropa artıq passiv müşahidəçi deyil, aktiv geosiyasi oyunçu kimi çıxış edir

Polşanın sərt və prinsipial mövqeyinin onun regional liderlik iddiasını gücləndirdiyini bildirən T.İsmayılov hesab edir ki, bu, həm də Avropa İttifaqı daxilində təhlükəsizlik siyasətinin daha sərt və realist xəttə yönəlməsinə səbəb olur.

"Avropa artıq passiv müşahidəçi deyil, aktiv geosiyasi oyunçu kimi çıxış edir. Bu hadisə Avropanın strateji oyanışının göstəricisi kimi qiymətləndirilə bilər. Rusiya isə bu gərginlikdən istifadə edərək, Qərbin daxili parçalanmasını stimullaşdırmağa çalışır. Lakin Avropa dövlətlərinin koordinasiyalı reaksiyası göstərir ki, strateji sabitlik və kollektiv təhlükəsizlik prinsipləri hələ də güclü şəkildə qorunur. Polşaya verilən dəstək həm də Ukraynaya dolaylı dəstəyin davamı kimi çıxış edir və Rusiyanın təcrid siyasətinə qarşı kollektiv cavabdır", - müsahibimiz əlavə edib.

Politoloqun firkincə, bu hadisə Avropanın yeni təhlükəsizlik doktrinasının formalaşmasında katalizator rolunu oynayır:

"Hər bir dövlətin verdiyi dəstək, onun geosiyasi mövqeyini və strateji prioritetlərini əks etdirir. Polşanın hava məkanına müdaxilə yalnız bir ölkəyə qarşı təxribat deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminə yönəlmiş strateji çağırışdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

12 Sentyabr 2025