"Çin, Hindistan, uzaq Şərq ölkələrinin dünya iqtisadiyyatındakı payı ilbəil artmaqdadır. Çin Xəzər dənizinin cənub-şərq sahilində iqtisadi cəhətdən bir nömrəli dövlətdir. Çin Orta Asiyada Rusiyanı da, Qərbi də üstələyib".
Bu barədə Bakıvaxtı.az-a deputat Rasim Musabəyov deyib.
Deputat bildirib ki, Çinin Orta Asiya üzərindəki təsirləri Xəzərin qərb sahillərində, yəni Azərbaycanda da artacaq:
"Ona görə mühaşidə edirik ki, Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycanın qoşulmasında ən çox maraqlı olan ölkə məhz Çin və Orta Asiyadakı müttəfiqlərimiz, qardaş türk dövlətləridir. Azərbaycan yeganə dövlətdir ki, Çinin "Bir kəmər, bir yol" layihəsi ilə bağlı infrastrukturu öz vəsaiti hesabına həyata keçirib. Digər ölkələrin hamısı Çindən investisiya alıblar”.
Müsahibimiz qeyd edib ki, qonşu Gürcüstanda dəmiryollarının modernləşməsini də Azərbaycan öz üzərinə götürüb. Onun sözlərinə görə, bir milyard dollardan çox vəsait sərf olunub. Azərbaycan təkcə öz ərazisi miqyasında yox, daha geniş miqyasda layihələrin reallaşmasına dəstək verir.
Rasim Musabəyov: Azərbaycan "Bir kəmər, bir yol" layihəsini öz vəsaiti ilə həyata keçirib
Lakin Musabəyov hesab edir ki, ŞƏT təhlükəsizlik baxımından olduqca zəif təşkilatdır:
"Hindistan-Pakistan arasında müharibə gedirdi, amma ŞƏT-dən heç bir reaksiya, addım olmadı. Tacikistan-Qırğızıstan qarşıdurması müharibə səviyyəsinə çatmışdı, ölümlər olmuşdu. Rusiya və Çin müdaxilə etmədilər, Özbəkistan araya girdi, məsələni sakitləşdirdi. Ancaq hər bir halda Çin böyük geopolitik amildir. Rusiyanın Orta Asiya ölkələri üzərində yeriməsinin qarşısını alan ölkə də Çindir. Ümumən, ŞƏT Asiyada əməkdaşlığın nüvəsi rolunda çıxış edə bilir".
Aydın Baxış