• Bakı 18° C

    0.4 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Fransa-Azərbaycan münasibətləri: Yeni mərhələnin başlanğıcımı?

SİYASƏT

03 Oktyabr 2025 | 17:03

Fransa-Azərbaycan münasibətləri: Yeni mərhələnin başlanğıcımı?

Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüş diqqət mərkəzində oldu.

Uzun müddət gərginlik fonunda davam edən Bakı-Paris münasibətlərində bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. Fransa lideri Azərbaycan Prezidentini Ermənistanla əldə olunan nəticələrə görə təbrik etməklə, diplomatik jest nümayiş etdirdi. Bu hadisə Fransa-Azərbaycan münasibətlərinin gələcək istiqamətləri ilə bağlı müxtəlif sualları gündəmə gətirdi.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş, tərəflər arasında uzun müddət davam edən gərgin münasibətlər fonunda mühüm bir addım kimi görünür. Fransa tərəfinin təbrik jesti, Bakı ilə dialoqa açıq olduğunun siqnalı sayıla bilər.

Politoloq qeyd edib ki, görüş, eyni zamanda, regionda formalaşan yeni reallıqların Paris tərəfindən nəzərə alınmasının göstəricisidir:

“Burada əsas məqam, Fransa rəhbərliyinin artıq Azərbaycanı proseslərin vacib tərəfi kimi qəbul etməsidir. Bu görüş gələcək münasibətlərin müsbət trayektoriyada inkişaf edə biləcəyinə dair ilkin mesaj hesab edilə bilər”.

Son dövrlər Fransa-Azərbaycan münasibətlərinin kifayət qədər gərgin olduğunu xatırladqan Z.Qarayevanın sözlərinə görə, Parisin birtərəfli yanaşması buna təsir göstərirdi. Lakin Kopenhagendəki görüş Fransa üçün münasibətləri yenidən nəzərdən keçirmək üçün imkan yaradır. Müsahibimiz bildirib ki, sülh gündəliyində irəliləyiş olduğu təqdirdə, Paris də bu reallığa uyğun siyasət aparmaq məcburiyyətində qalacaq. Əks halda, Fransa regiondakı proseslərdən kənarda qala bilər. Buna görə də münasibətlərdə yeni baxışın formalaşması tamamilə real görünür.

Züriyə Qarayeva: Tərəflər ardıcıl addımlar atarlarsa, qarşılıqlı əlaqələr tədricən bərpa oluna bilər

Münasibətlərin müharibədən əvvəlki səviyyəyə qayıtması ehtimalından da danışan politoloq hesab edir ki, əslində, qısa müddətdə əvvəlki mərhələyə qayıdış çətin görünür, çünki inamsızlıq hələ də qalır. Dediyinə görə, amma siyasi dialoqun yenidən başlaması münasibətlərin normallaşması üçün baza yaradır:

“Əgər tərəflər ardıcıl addımlar atarlarsa, qarşılıqlı əlaqələr tədricən bərpa oluna bilər. Burada həm də Fransa tərəfinin gələcəkdə qərəzsiz mövqe nümayiş etdirib-etdirməyəcəyi əsas rol oynayacaq. Yalnız bu halda münasibətlərin daha sabit əsasda inkişafı mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, görüş, ilk növbədə, sülh gündəliyinə əlavə siyasi dəstək kimi qiymətləndirilə bilər. Fransa rəhbərliyi Azərbaycanın rolunu qəbul edərək prosesin önəmini vurğulamış oldu. Bu, Ermənistan tərəfinə də mesajdır ki, danışıqlar artıq regional reallıqlar üzərində qurulub. Eyni zamanda, Avropa dövlətlərinin sülh təşəbbüslərinə daha aktiv qoşulacağı gözlənilir.

“Bu prosesin davamlı olması isə tərəflərin atacağı praktiki addımlardan asılı olacaq”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR