• Bakı 16° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Naxçıvan sazişi ümumtürk tarixinin zirvəsidir

SİYASƏT

03 Oktyabr 2025 | 20:15

Naxçıvan sazişi ümumtürk tarixinin zirvəsidir

Böyük xalqların taleyində elə günlər var ki, zaman keçsə də, öz əhəmiyyətini itirmir, əksinə, tarixinin yaddaşında dərinizlər salaraq gələcək nəsillərə yol göstərən mənəvi çırağa çevrilir. Türk xalqlarının ortaq tarixi və taleyi də belə anlarla zəngindir.

Əsrlər boyu eyni mədəniyyətin, eyni dilin, eyni dəyərlərin daşıyıcıları olan türk dövlətlərinin müstəqilliklərini bərpa etdikdən sonra qarşıya qoyduqları ən mühüm vəzifə yalnız siyasi müstəqilliyi qorumaq deyil, həm də ortaq köklərə söykənən strateji birliyi qurmaq idi. O birlik ki, təməli yalnız tarixi və emosional bağlılıqlara əsaslanmır, həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənən sabit hüquqi sənədlərlə möhkəmləndirilməli idi. Məhz bu tarixi zərurət 16 il əvvəl, 3 oktyabr 2009-cu ildə Şərqin ən qədim dövlətçilik mərkəzlərindən biri olan Naxçıvan torpağında öz siyasi-hüquqi ifadəsini tapdı.

Naxçıvan sazişinə gedən yol

Naxçıvan Sazişinə gedən yol uzun və mərhələli idi. 1992-ci ildən etibarən keçirilən Türk Dünyası Zirvələri dövlətlərarası münasibətlər üçün mühüm platforma rolunu oynamış, 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaradılmış, 2006-cı ildə isə Qazaxıstan Respublikasının sabiq Prezidenti Nursultan Nazarbayev bu dialoqun institusional quruma çevrilməsi təklifi ilə çıxış etmişdi. 2008-ci ildə Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) yaradıldı və münasibətlər ilkin vahid siyasi ideologiya formatına daşındı. Lakin bu ideyanın konkret hüquqi sənədə çevrilməsi hələ də zərurət olaraq qalırdı. Yalnız 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən tarixi Naxçıvan Zirvəsində bu mümkün oldu. Məhz bu mənada, türk xalqlarının əsrlərdən gələn ortaq mədəniyyət, dil, tarix və mənəvi bağlarını müasir beynəlxalq hüquq müstəvisinə daşıyan Naxçıvan Zirvəsi, təkcə diplomatik bir addım yox, həm də türk xalqlarının keçmişə bağlılığını və gələcəyə yönəlmiş iradəsini təsdiqləyən, "Türk əsri"nin qapılarını aralayan mühüm bir hadisə olub.

Naxçıvanın tarixi rolu

Sözsüz ki, Zirvənin Naxçıvanda keçirilməsi rəmzi və əlamətdar bir xarakter daşıyırdı. Çünki, Naxçıvan əsrlər boyu dövlətçilik ənənələrinin qorunduğu, milli iradənin sarsılmaz qalası rolunu oynayan və türkdünyasının ortaq tarix yaddaşında müstəqillik və dövlətçilik simvolu kimi möhkəmlənmiş bir məkandır. Təsadüfi deyil ki, ümumtürk məkanında Naxçıvana bu ali siyasi və ideoloji qiymət hələ müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Türk dünyasının qapısı" kimi verilmişdi. Bu mənada Naxçıvanın suverenlik, müstəqillik, dostluq, qardaşlıq, əməkdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinin təməlini təşkil edən bir məkan kimi seçilməsi türk dövlətlərinin çox tərəfli əməkdaşlığına əsalanan bir müvəqqəti siyasi dialoqdan hüquqi öhdəliklərə əsaslanan davamlı və sabit təşkilat formatına çevrilməsində mühüm əhəmiyyət kəsb edirdi.

Türk Dövlətləri Təşkilatının inkişafı

Sazişin imzalanmasından sonra Türk Dövlətləri Təşkilatı, qısa müddətdə regional əməkdaşlıq və inteqrasiyanın effektiv platformasına çevrildi. Qeyd etmək lazımdır ki, Dövlət Başçıları Şurası ali qərarverici orqan, Xarici İşlər Nazirləri Şurası diplomatik koordinasiya mərkəzi, Ağsaqqallar Şurası isə tarix bilik və siyasi təcrübəni strateji qərarlara yönəldən institut kimi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin inkişafı, coğrafi və siyasi təsir dairəsinin genişlənməsi ilə nəticələndi. 2019-cu ildə Özbəkistanın tam üzv olması, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu qazanması Türk birliyinin qapalı regional mexanizm deyil, geniş əməkdaşlıq platforması olduğunu sübut etdi.

Azərbaycanın liderlik vəzifəsi

Türk Dövlətləri Təşkilatının formalaşmasında mühüm amillərdən biri üzv dövlətlərin liderlərinin siyasi və birmənalı iradəsi olub. Xüsusilə,  İlham Əliyevin müxtəlif zirvələrdə təşkilatın strateji əhəmiyyətini vurğulayıb, onun türk xalqlarının gələcək inkişafının təminatçısı olduğunu dəfələrlə bəyan edib. Cənab Prezident bu fikirlərini 2024-cü il 14 fevral tarixində Milli Məclisdə səsləndirdiyi nitqində də bir daha təkrarlayıb:

"Türk dünyasının birliyi artıq tarixi zərurətə çevrilmişdir. Bu birliyin əsasında ortaq dilimiz, tariximiz və mədəniyyətimiz dayanır. Naxçıvanda imzalanmış saziş türk dövlətlərinin birliyini hüquqi müstəviyə daşıyan ən mühüm siyasi addımdır".

Türk Dövlətləri Təşkilatının inteqrasiyaya təsiri

Bu gün Türk Dövlətləri Təşkilatı regionda siyasi sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafına, iqtisadi inteqrasiyanın gücləndirilməsinə və humanitar əməkdaşlığın dərinləşdirilməsinə töhfə verməklə Avrasiya məkanında mühüm güc mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi kimi birgə təşəbbüslər türk dövlətlərinin birgə iradəsinin bariz nümunəsidir. Azərbaycan üçün isə Naxçıvan Sazişi milli maraqlarının təminatçısı olmaqla yanaşı, ölkəmizin türkdünyasında siyasi liderlik mövqeyini təsdiqləyən fundamental bir sənəd olub.

Nəticə

Türk Dövlətləri Təşkilatının fəaliyyəti göstərir ki, ortaq iradə, vahid strateji qərarlar və qarşılıqlı etimad yalnız üzv dövlətlərin milli maraqlarını qorumaqla kifayətlənmir, həm də Avrasiya məkanında yeni geosiyasi reallıqların formalaşmasına və siyasi balanslaşma prosesinə təkan verir. Naxçıvan Sazişindən başlayan bu tarixi birlik yolu, ortaq məqsəd və strateji iradə olduqca mühüm və davamlı birliyin təməlini qoyub. Bu birlik türk dünyasını həm keçmişə, həm də gələcəyə doğru istiqamətləndirəcək bir güc olacaqdır. Hər kəs bilməlidir ki, tarixın türk xalqlarına bəxş etdiyi bu ortaq irs, türk dünyasının yolunu aydınladacaq və sabahını təmin edəcəkdir.

Yusif Mirzəzadə
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR