Kubada son bir həftə ərzində "çikunqunya" qızdırmasına daha 5717 yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda 33 nəfərin ağcaqanad sancmaları ilə yayılan arboviruslardan öldüyünü qeyd olunur. Ümumi yoluxma hallarının sayı 38 938-ə çatıb ki, bunlardan 1 260-ı testlərlə təsdiqlənib.
Ölkədə çətin epidemioloji vəziyyət qalmaqdadır, "denge" və "çikunqunya" qızdırmaları daha çox yayılıb. Səhiyyə nazirinin müavini Karilda Pena Qarsianın dediyinə görə, "denge"dən 12 nəfər (onlardan 7-si 18 yaşdan kiçikdir), "çikunqunya"dan isə 14-ü uşaq olmaqla 21 nəfər ölüb.
Bu virusun digər ölkələrdə də yayılma ehtimalı varmı? Virusdan necə qorunmaq olar?
Bakıvaxtı.az-ın suallarına aydınlıq gətirən infeksionist Ləman Qalimova bildirib ki, bu birusların digər ölkələrdə də xəstəliyin yayılma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, artıq 100-dən çox ölkədə endemik vəziyyətə gəlib. Müsahibimiz qeyd edib ki, yayılma hava şəraiti, temperatur, rütubət və durğun su kimi ekoloji amillərdən çox asılıdır:
"Məsələn, bəzi hövzələrdə su durğun şəkildə qalır və zibillənmə olur ki, bu da ağcaqanadların sayının artmasına gətirib çıxarır. Bu xəstəliklərə qarşı vaksinasiyanın olmaması səbəbindən profilaktik müdaxilə yalnız ətraf mühitin tənzimlənməsi və ağcaqanadlarla mübarizə üsullarından ibarətdir.
Biz hava şəraitini dəyişə bilməsək də, durğun su və zibillənmənin qarşısını ala bilərik. Bununla yanaşı, ağcaqanadlardan qorunma üsullarından istifadə də mümkündür".
.jpg)
Ləman Qalimova: Xəstəliyin xüsusi müalicəsi yoxdur
İnfeksionist deyib ki, hazırda ölkəmizdə bununla bağlı heç bir hadisə qeydə alınmayıb.
Bununla belə, o, səfər zamanı riskli ölkələrə gedən şəxsləri diqqətli olmağa çağırıb. Dediyinə görə, qızdırma və digər simptomlar meydana çıxarsa, mütləq həkimə müraciət edilməlidir.
Həmsöhbətimiz bildirib ki, xəstəliyin xüsusi müalicəsi yoxdur. Profilaktik tədbirlər görmək və simptomlar ortaya çıxdıqda vaxtında müalicəyə başlamaq həyat xilas edə bilər. Səpki, qızdırma, oynaq ağrıları isə əsas göstəricilərdir.
Zeynəb Rzayeva
Bakı 



