• Bakı 26° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Son 1 ay: 2022 Formula 1 Azərbaycan Qran Prisinə gerisayım başladı

FORMULA 1

12 May 2022 | 14:09

Son 1 ay: 2022 Formula 1 Azərbaycan Qran Prisinə gerisayım başladı

Avtoidmanın zirvəsi sayılan 2022 Formula 1 Azərbaycan Qran Prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qalır.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 10-12-də keçiriləcək  F1-in ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır.

2019-cu ildən bəri tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaq. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu Bakının Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Nəhayət ki, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.

 2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yadda qalan və dramatik yarışlara ev sahibliyi etməklə  dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur.  Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi.

Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməmiş, son beş yarışda beş fərqli qalib müəyyən olunub.

Bu il də, ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə 3 dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Luis Hemiltonun restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu Serxio Peresin qələbəsinə təkan vermiş oldu.

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması barədə danışarkən deyib ki, bütün biletlərin alınacağına ümid edir: "İzdihamı qarşılamağa səbrsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir!”

Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri dönüşündən də həzz ala bilərlər.

2022 Formula 1 Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri “tilsimi qıra” və Bakı yarışlarında qalib gəlmiş  pilot təkrar qalib ola biləcəkmi?   Bu suala məhz iyun 12-də cavab tapacağıq.

2022 Formula 1 Azərbaycan Qran Prisinə bilet  və Bakıya səyahətiniz barədə ətraflı məlumat üçün  www.bakucitycircuit.com saytına daxil ola bilərsiniz.

Ramid İbrahimov

 


SON XƏBƏRLƏR

26 Iyun 2022