• Bakı 28° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.8537

    RUB - 0.0192

COP29-dək sülh sazişi imzalanacaq? - Azərbaycanın tələbləri ortadadır

SİYASƏT

09 Iyul 2024 | 13:22

COP29-dək sülh sazişi imzalanacaq? - Azərbaycanın tələbləri ortadadır

"Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur".

Bakıvaxtı.az xəbər verur ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, Simonyan qeyd edib ki, proses davam edir:

"Ümid edirik ki, uğur qazanacağıq. Biz sülhü imzalamağa hazırıq. Deyə bilərik ki, top Azərbaycan tərəfdədir".

Qeyd edək ki, erməni rəsmilər tez-tez "sülhə hazır olduqlarını, gecikmənin onlar tərəfindən qaynaqlanmadığını" iddia edirlər.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın "top Azərbaycandadır" ifadəsi riyakarlıqdan başqa bir şey deyil.

Analitik bəyan edib ki, əslində sülh sazişinin reallaşmasını yubadan tərəf məzh Ermənistan hökumətidir:

"Azərbaycan Prezidenti son günlərdə bir neçə dəfə konkret bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz konstitusiyasını mütləq dəyişməlidir. Əgər İrəvan sülh sazişini imzalamaq üçün can atır və konstitusiyanı dəyişməyə tələsmirlərsə, deməli hüquqi cəhətdən nifaq və münaqişə ocağını saxlamaqda maraqlıdırlar. Bakı isə haqlı olaraq istəyir ki, məsələlər birdəfəlik həllini tapsın”.

Müsahibimizin sözlərinə görə, ölkə rəhbəri həm də onu qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası sülh sazişi ilə birbaşa bağlı deyil. İki ölkə arasında sərhədlərin dəqiq və detallı demarkasiyası sazişdən sonrakı dönəmdə aylarla, illərlə davam edə bilər. Azərbaycanın problem yaşamadığımız qonşu Rusiya və Gürcüstanla delimitasiya prosesi illərlə davam edib.

Cümşüd Nuriyev:  İlkin sənədin imzalanması realdır

C.Nuriyev vurğulayıb ki, sülh sazişinin bağlanması üçün əsas öhdəlik İrəvan hökumətinin üzərindədir:

"İndiyədək Fransa və ABŞ, pərdə arxasından isə Rusiya və İran sülhə mane olur, əngəl yaradırdılar. Amma hazırda həmin əngəllər aradan qalxmış sayılır. O baxımdan ilkin sənədin imzalanması realdır. Sülh mətninin sənədi de-yure hazırdır. De-fakto olması üçün də Azərbaycanın tələbləri ortadadır. Biz qalib tərəf kimi siyasi-hərbi və ərazi üstünlüyünə sahibik”.

“Hər halda COP 29 tədbirinədək sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir. Əgər saziş olarsa, Ermənistanla Azərbaycanın, o cümlədən Türkiyənin problemləri daha sürətli və nisbətən rahat həll olunar", - deyə Cümşüd Nuriyev vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR