• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Strateji tərəfdaşlıq və milli maraqlar: Çin–Azərbaycan əlaqələrinin yeni mərhələsi

SİYASƏT

14 Aprel 2025 | 17:07

Strateji tərəfdaşlıq və milli maraqlar: Çin–Azərbaycan əlaqələrinin yeni mərhələsi

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən əsaslı dəyişikliklər, xüsusilə də çoxqütblü dünya nizamına keçid prosesi, ölkələrin xarici siyasət kursuna mühüm təsir göstərir.

Bu yeni geosiyasi reallıqda regional və qlobal güclərlə strateji əməkdaşlıqlar qurmaq dövlətlərin milli maraqlarının qorunmasında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan ilə Çin arasında münasibətlərin son mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, yalnız iki ölkənin ikitərəfli əlaqələrinin inkişafı baxımından deyil, eyni zamanda yeni dünya düzənində Azərbaycanın mövqeyini möhkəmləndirməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu bildirib ki, ölkələrimiz arasında münasibətlər hazırda öz tarixinin ən yüksək mərhələsinə qədəm qoyub. Təqribən bir il əvvəl iki ölkə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Bu strateji sənəd həm ikitərəfli münasibətlər üçün yeni hüquqi əsaslar yaradır, həm də sinxron və koordinasiyalı fəaliyyət üçün ortaq öhdəliklər müəyyənləşdirir:

"Bu gün Çin Qlobal Cənubun əsas mərkəzi kimi çıxış edir. Eyni zamanda, Çinin Avropaya yönələn əsas strateji kommunikasiyaları – xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində – Azərbaycandan keçərək Qərbə istiqamətlənir.Tarixi əlaqələrin mövcudluğu və müasir milli maraqların uzlaşması Çin və Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşmasını zəruri edən əsas şərtlərdən biridir. Məhz bu kontekstdə, Azərbaycan Prezidenti 9 aprel tarixində ADA Universitetində keçirilən Beynəlxalq Forumda Çin–Azərbaycan münasibətlərinə xüsusi diqqət ayıraraq, strateji tərəfdaşlıq haqqında müqaviləni bir daha xatırlatdı".

Hikmət Babaoğlu: Əlaqələrin inkişafı Azərbaycanın regional mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir

Deputat vurğulayıb ki,  Prezident çıxışında  yeni bir tezis irəli sürdü – Azərbaycanı Qlobal Cənubun tərkib hissəsi kimi səciyyələndirdi. Bu yanaşma belə bir nəticəyə gəlməyə əsas verir ki, əgər biz Çin mərkəzli bir Qlobal Cənubdan bəhs ediriksə və Azərbaycan da bu coğrafi-siyasi blokun bir hissəsi kimi çıxış edirsə, deməli, iki ölkə arasında münasibətlərin dərin və strateji perspektivləri mövcuddur:

"Bu baxımdan Çin bu gün çoxqütblü dünyanın əsas dayaqlarından biri sayılır. Halbuki bəzi güc mərkəzləri dünyanı vahid mərkəzdən idarə olunan təkqütblü sistem kimi görmək istəyirlər. Belə bir nizam qarşısında duruş gətirə biləcək milli aktorların sayı çox deyil və bu kontekstdə Çin ön sırada yer alır. Yeni dünya düzəninin çoxqütblü xarakter alması orta və kiçik miqyaslı dövlətlər üçün yeni imkanlar və perspektivlər yaradır. Belə bir şəraitdə bu dövlətlər böyük güclərin təzyiqlərindən yayınaraq daha çevik manevr edə bilərlər. Azərbaycanda formalaşan strateji düşüncə də bu reallığın fərqindədir və məhz buna görə Çinlə münasibətlərə xüsusi önəm verilir. Əminik ki, bu münasibətlər uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi, humanitar və siyasi sahələrdə daha dərin strateji üfüqlər açacaq".

H.Babaoğlu onu da qeyd edib ki, Çin–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, təkcə iki ölkənin mövcud əlaqələrinin inkişafı deyil, həm də qlobal miqyasda dəyişən siyasi və iqtisadi reallıqlar fonunda Azərbaycanın regional mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni dünya nizamında çoxqütblülüyün önə çıxması, dövlətlər arasında daha çevik və məqsədyönlü əməkdaşlıq modellərinin formalaşmasına imkan yaradır. Bu mənada Çinlə strateji tərəfdaşlıq, Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, ölkənin beynəlxalq platformalarda daha təsirli mövqe tutmasına şərait yaradır. Qarşıdakı illərdə bu münasibətlərin dərinləşməsi, həm iqtisadi, həm siyasi, həm də humanitar sahələrdə yeni fürsətlər və perspektivlər yaradacaq. Azərbaycanın bu strateji xətti davam etdirməsi, çoxqütblü dünyanın vacib aktorlarından biri olan Çinlə əməkdaşlıqda ardıcıl və praqmatik yanaşma sərgiləməsi, milli maraqların təminində əsaslı rol oynayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Aprel 2025