• Bakı 15° C

    9.69 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Ermənistanın sülh bəyanatları: Gerçək iradə, yoxsa siyasi manipulyasiya?

SİYASƏT

14 May 2025 | 16:57

Ermənistanın sülh bəyanatları: Gerçək iradə, yoxsa siyasi manipulyasiya?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Lüksemburqda keçirilən Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında verdiyi açıqlama yenidən gündəmə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir bildirib ki, İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır. Bu cür iddialı bəyanat ilk baxışdan regionda gərginliyin aradan qalxacağına dair ümidlər doğurur. Lakin Ermənistanın son illərdəki davranışları və siyasi mövqeyi bu optimizmi kölgə altına alır.

Bəs sülh sazişi nə zaman imzalana bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Ermənistanın sülh sazişi ilə bağlı açıqlamaları son dövrlər tez-tez səsləndirilir. Lakin bu bəyanatlara baxmayaraq, İrəvan real addımlar atmır:

"Əksinə, regionda vəziyyətin sabitləşməsi üçün zəruri olan proseslərə süni maneələr yaratmaqda davam edir. Ermənistan cəmiyyəti və siyasi elitası hələ də revanşist düşüncələrin təsiri altındadır. Bu isə, qarşılıqlı etimadın formalaşması üçün ən böyük təhlükə hesab olunur. Azərbaycanın əsas tələblərindən biri Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Lakin Ermənistan bu istiqamətdə heç bir real dəyişiklik etmir. Sülhə hazır olduğunu iddia edən bir ölkənin, qarşı tərəfin suverenliyini tanımaması ciddi suallar doğurur".

 

 

Əziz Əlibəyli, politoloq

Onun sözlərinə görə, Ermənistanın mövcud yanaşması yalnız sənədin imzalanmasının heç nəyi dəyişməyəcəyini göstərir. Əgər Ermənistan bu gün mövcud razılaşmalara, 2020-ci il üçtərəfli bəyanatına əməl etmir və vaxtaşırı onu sual altına alırsa, sabah imzalayacağı sülh sazişinə nə qədər sadiq qalacağı böyük sual altındadır. Bu baxımdan, sadəcə sülh sazişinin imzalanması yox, onun şərtlərinə əməl olunması əsas meyardır. Lakin təcrübə göstərir ki, Ermənistan tərəfi bu cür sənədləri imzalasa belə, onların icrası prosesində müxtəlif bəhanələr gətirərək öhdəliklərdən yayınmağa çalışır:

"Ermənistan rəhbərliyinin bu cür bəyanatlarla əsas məqsədi beynəlxalq ictimaiyyət qarşısında özünü sülhpərvər tərəf kimi təqdim etməkdir. Lakin reallıq tam fərqlidir: sülhə mane olan məhz Ermənistanın özü, onun daxili siyasi kursu və geopolitik davranışıdır. Bunu dəyişmədən istənilən sülh bəyanatı yalnız imitasiya kimi qəbul olunacaq".

Son olaraq Əziz Əlibəyli bildirib ki,sülh sadəcə bir sənəd deyil, siyasi iradənin və praktiki addımların nəticəsidir. Ermənistan sülhə doğrudan da hazırdırsa, ilk növbədə konstitusiyasını dəyişməli, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməli və bütün regional layihələrdə konstruktiv mövqe sərgiləməlidir. Əks halda, sülh sazişinə dair istənilən çağırış və bəyanat daxili auditoriyaya və beynəlxalq arenaya yönəlmiş görüntüdən başqa bir şey olmayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 May 2025