Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat təşkil edib.
Bakıvaxtı.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2025-ci il vəziyyətinə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, ümumi ölk üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb. Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bakı 




