• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Avropanın 2026 narahatlığı: Qlobal savaş olacaq?

DÜNYA

29 Dekabr 2025 | 13:32

Avropanın 2026 narahatlığı: Qlobal savaş olacaq?

Dünya siyasətində 2025-ci il çoxsaylı münaqişələr, paralel şəkildə irəli sürülən sülh təşəbbüsləri və qlobal liderlərin dəyişən mövqeləri ilə yadda qaldı.

İl ərzində həm regional, həm də beynəlxalq səviyyədə gərginliklər azalmadı, əksinə, bir çox hallarda daha mürəkkəb xarakter aldı. Geosiyasi qarşıdurmalar fonunda böyük güclər arasında rəqabət kəskinləşdi, beynəlxalq institutların təsir imkanları isə tez-tez sual altına düşdü. Yalnız silahlı münaqişələr deyil, eyni zamanda qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi, iqlim böhranı və sosial bərabərsizlik kimi problemlər də dünya siyasətinə ciddi təsir göstərdi.

Bu amillər ayrı-ayrılıqda deyil, bir-biri ilə sıx bağlı şəkildə siyasi qərarların formalaşmasına təsir edir və dövlətlər arasında münasibətləri daha həssas edir. Bir çox ölkələrdə daxili siyasi proseslər də beynəlxalq münasibətlərə birbaşa təsir göstərməyə başladı. Bəs, 2026-cı ildə bizi nələr gözləyir? Dünya siyasətində hansı yeniliklər baş verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, 2025-ci ildə mövcud olmuş qlobal problemlərin böyük əksəriyyəti 2026-cı ilə də keçmək üzrədir:

"Çünki həmin problemlərin mütləq əksəriyyəti hələ də həll olunmamış qalır. Xüsusilə də Yaxın Şərqdə baş verənlər bütün dünya üçün olduqca təhlükəli məzmun almağa başlayıb.

Hətta Netanyahu və Tramp arasında keçiriləcək görüşdə İrana növbəti zərbələrin endirilməsi məsələsi gündəmə gətirilə, müzakirə oluna bilər. Bu isə o deməkdir ki, əgər İrana növbəti zərbələr endirilərsə, Yaxın Şərq partlayış həddinə çata biləcək bir regiona çevriləcək. Hətta bu regiondakı münaqişə daha geniş ərazilərə, daha böyük areala yayıla bilər”.

Onun sözlərinə görə, əsas məsələlərdən biri də Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin hələ də neqativ məzmun daşımasıdır. Müsahibimiz bildirib ki, Tramp nə qədər sülhə nail olmağa çalışsa da, münaqişə tərəflərinin yekun sazişə yaxınlaşdığını söyləmək olduqca çətindir:

“Zelenskinin Trampla görüşü də sübut edir ki, münaqişə tərəfləri hələlik öz mövqelərində sabit qalırlar".

Elçin Xalidbəyli: Bəzi dövlətlər 2025-ci ilin Avropa üçün sonuncu sülh ili olacağını iddia edir

Politoloq qeyd edib ki, Rusiya öz neo-imperialist və maksimalist mövqeyini qorumağa çalışır:

"Ukrayna isə təbii olaraq kapitulyasiya aktı xarakteri daşıyan Rusiyanın şərtlərini qəbul etmək, ərazilərindən güzəştə getmək istəmir. Məhz buna görə də hazırda münaqişə tərəflərinin razılaşma ehtimalı o qədər də inandırıcı görünmür. Ən əsası isə Avropa dövlətləri Ukraynanın Rusiyaya bu qədər asanlıqla təslim edilməsinə qarşı çıxırlar. Trampın mövqeyini dəstəkləyənlər olsa da, buna müqavimət göstərən Avropa ölkələri də mövcuddur. Bu səbəbdən hazırda bəzi dövlətlər, xüsusilə də Rusiya ilə münasibətləri bərpa etməyə meyilli olan və Trampın sülh planını dəstəkləyən ölkələr Ukrayna savaşının dayandırılmayacağı təqdirdə 2025-ci ilin Avropa üçün sonuncu sülh ili olacağını iddia edirlər. Bu isə Avropa məkanında kifayət qədər ciddi həyəcan yaradır”.

Elçin Xalidbəyliyə görə, belə anlaşılır ki, Avropada artıq 2026-cı ildə qlobal savaşın baş verə biləcəyi ilə bağlı ciddi narahatlıq mövcuddur:

“Bu narahatlığın nə dərəcədə əsaslı olub-olmadığı isə yəqin ki, yaxın dövrlərdə aydınlaşacaq".

Aynur Babazadə


SON XƏBƏRLƏR