• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

MDB ya dəyişməlidir, ya da yeni format axtarılmalıdır - AÇIQLAMA

SİYASƏT

29 Dekabr 2025 | 17:41

MDB ya dəyişməlidir, ya da yeni format axtarılmalıdır - AÇIQLAMA

MDB çərçivəsində keçirilən qeyri-rəsmi sammitlər postsovet məkanında siyasi əlaqələrin və regional gündəliyin müzakirəsi baxımından mühüm platforma kimi təqdim olunur. Lakin son illər təşkilat daxilində artan ziddiyyətlər, təhlükəsizlik mühitinin kəskin dəyişməsi və yeni regional formatların meydana çıxması MDB-nin real siyasi çəkisi və funksionallığı ilə bağlı ciddi suallar yaradır. 

MDB bu gün real siyasi platforma kimi qalırmı? Sammitdə təhlükəsizlik gündəliyi nə dərəcədə prioritetdir? Alternativ regional platformalar MDB-ni zəiflədirmi?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Sovet İttifaqının dağılmasından sonra postsovet məkanında yaradılan MDB uzun müddət keçmiş ittifaq respublikalarının əksəriyyətini bir araya gətirən platforma kimi fəaliyyət göstərib. Lakin son illər təşkilat daxilində ciddi ziddiyyətlər formalaşıb və bu, MDB-nin ümumi vəziyyətinə mənfi təsir göstərir.

Politoloqun sözlərinə görə, təşkilatın əsas qurucu üzvlərindən olan Rusiya və Ukrayna arasında artıq dörd ilə yaxındır davam edən müharibə MDB-nin təməl prinsipləri ilə açıq ziddiyyət təşkil edir. Bu münaqişə nəticəsində on minlərlə, bəzi mənbələrə görə isə yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və məcburi köçkünə çevrilib. Belə bir miqyasda baş verən qarşıdurmanın MDB kimi bir platformanın fəaliyyətinə təsirsiz ötüşməsi mümkün deyil:

Xəyal Bəşirov: Rusiya və Ukrayna müharibəsi MDB-nin təməl prinsipləri ilə açıq ziddiyyət təşkil edir

"Bu, MDB çərçivəsində təhlükəsizlik, sabitlik və əməkdaşlıq prinsiplərinə daban-dabana zidd olan bir addımdır. Digər dövlətlərin bunu dəyərləndirməməsi və proseslərdən təsirlənməməsi mümkün deyil. Hər bir halda bu addım gələcəkdə MDB-nin ya dağılmasına, parçalanmasına, ümumiyyətlə özünü buraxmasına və ya yeni formatda təşkil olunmasına zərurət yarada bilər. Baş verən proseslər də bir çox hallarda məhz bunu göstərir.

Xəyal Bəşirovun fikrincə, bununla belə, dövlətlərin bu platformada bir araya gəlməsi regional baxımdan müəyyən məsələlərin müzakirəsi üçün hələ də münbit zəmin kimi dəyərləndirilə bilər. Bəzi hallarda ölkələr bu imkandan istifadə edərək qarşılıqlı münasibətlərin müzakirəsi istiqamətində addımlar atırlar. Ancaq istənilən halda, bu gün MDB-ni bir sıra beynəlxalq təşkilatlarla müqayisə etdikdə onun perspektivi və gələcəyi ilə bağlı skeptik yanaşmamaq mümkün deyil:

"Çünki MDB son illər əməkdaşlıq nəticəsində konkret uğurlar əldə etməkdən daha çox qarşılıqlı ərazi iddiaları, düşmənçilik, müharibə və qarşıdurmalarla yadda qalıb. Belə hadisələrlə xatırlanan bir təşkilatın gələcəyi də təbii olaraq şübhə doğurur. Məhz buna görə də MDB-də ya ciddi dəyişikliklər aparılmalı, ya format yenilənməli, ya da təşkilat ümumiyyətlə öz fəaliyyətini dayandıraraq üzv dövlətlərin hamısının və ya bir qisminin iştirakı ilə fərqli bir qurumun yaradılması istiqamətində proseslər başlaya bilər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR