Ağdamın Baş Qərvənd kəndində bir sıra tikinti-quraşdırma işlərinin aparılması məqsədilə 235 milyon manatdan çox vəsait ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti işlərin görülməsi üçün "Conkago j.s.a" şirkətinin Azərbaycandakı filialı və "İMA Energy" MMC-nin hüquqi şəxs yaratmadan formalaşdırdığı müvəqqəti birlik ilə müqavilələr imzalayıb.
Müqavilənin ümumi dəyəri 235 milyon 397 min 662,67 manatdır. Cari ilin sentyabrında başlanan işlərin 2026-cı ilin noyabr ayında yekunlaşması nəzərdə tutulub.
Kəndin tikintisi layihəsi çərçivəsində fərdi yaşayış evləri, sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri, PTM, KTM, yüksək və alçaq gərginlikli xətlər və rabitə xətləri), daxili yolların, səkilərin və yaşıllaşdırma sahələrinin tikinti-quraşdırma işləri görüləcək.
Qeyd edək ki, "Conkago j.s.a" Slovakiyada yerləşən beynəlxalq tikinti və mühəndislik şirkətidir. Şirkətin Azərbaycandakı filialı 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Kristian Kobesdir.
"İMA Energy" şirkəti isə 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan şirkətin qanuni təmsilçisi Mirzə Nəsirovdur.
Xatırladaq ki, Xidmət 2024-cü ildə qeyd olunan iki şirkətin formalaşdırdığı müvəqqəti birliklə Qərvənd kəndinin layihələndirilməsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin görülməsi üçün 6 milyon 673 min 667,52 manatlıq müqavilə imzalayıb.
Bakı 




