• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Moldovanın Rus Evi qərarı: geosiyasi seçim və regional mesajlar

DÜNYA

29 Dekabr 2025 | 15:31

Moldovanın Rus Evi qərarı: geosiyasi seçim və regional mesajlar

Son dövrlər Moldova ilə Rusiya arasında münasibətlərdə müşahidə olunan gərginlik yeni mərhələyə qədəm qoyub. Kişinyovun Rus Evi ilə bağlı hökumətlərarası sazişi uzatmamaq qərarı təkcə ikitərəfli münasibətlər deyil, ümumilikdə regiondakı geosiyasi balans baxımından da diqqət çəkir.

Bu addım Moldovanın xarici siyasət prioritetlərinin dəyişdiyini və Qərbə inteqrasiya xəttinin daha açıq şəkildə nümayiş etdirildiyini göstərir. Eyni zamanda, Rusiya üçün bu qərar postsovet məkanında təsir imkanlarının daralması kimi dəyərləndirilə bilər.

Mövzu ətrafında suallar çoxdur və proseslərin mümkün nəticələri ciddi təhlil tələb edir. Bununla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu qərar ilk növbədə Moldovanın xarici siyasətdə daha açıq və qəti mövqe sərgilədiyini göstərir. Rəsmi Kişinyov artıq Rusiya ilə münasibətlərdə əvvəlki balanslı və ehtiyatlı davranış modelindən uzaqlaşır:

“Bu addım, eyni zamanda, ölkənin suveren qərarvermə iradəsini nümayiş etdirmək cəhdi kimi də qiymətləndirilə bilər. Rus Evi uzun illər Moskvaya yumşaq güc vasitəsilə təsir imkanı verirdi və onun bağlanması simvolik məna daşıyır. Moldova bununla daxili informasiya məkanını daha çox nəzarətdə saxlamaq niyyətini ortaya qoyur. Ümumilikdə isə bu qərar geosiyasi istiqamətin dəyişdiyini açıq şəkildə göstərir”.

Politoloq hesab edir ki, bu qərar iki ölkə arasında artıq mövcud olan etimadsızlığı daha da dərinləşdirə bilər. Onun sözlərinə görə, Rusiya bunu açıq şəkildə düşmən mövqeyi kimi şərh edə və diplomatik ritorikanı sərtləşdirə bilər:

“Eyni zamanda, Moskva iqtisadi və enerji sahələrində müəyyən təzyiq rıçaqlarından istifadə etməyə cəhd göstərə bilər. Moldova üçün isə bu, qısa müddətdə risklər yaratsa da, uzunmüddətli perspektivdə siyasi müstəqillik baxımından mühüm addımdır”.

Züriyə Qarayeva: Bu, Moldova üçün risklər yaratsa da, siyasi müstəqillik baxımından mühüm addımdır

Müsahibimiz bildirib ki, bundan əlavə, Rusiyanın informasiya müstəvisində Moldovaya qarşı tənqidi kampaniyaları güclənə bilər. Bütün bunlar münasibətlərin yaxın gələcəkdə normallaşmasını çətinləşdirir.

“Moldova artıq açıq şəkildə Avropa İttifaqına inteqrasiya xəttini prioritet hesab etdiyini nümayiş etdirir. Rusiyanın təsir dairəsindən çıxmaq istəyi həm siyasi, həm də təhlükəsizlik aspektində özünü göstərir” deyən Z.Qarayeva qeyd edib ki, bu addım Qərb strukturlarına siyasi yaxınlaşmanın institusional əsaslarla möhkəmləndirildiyini göstərir. Onun sözlərinə görə, eyni zamanda, rəsmi Kişinyov daxili ictimai rəyə də mesaj verir ki, ölkənin gələcəyi Avropa modelinə əsaslanacaq. Bu, həm hüquqi islahatlar, həm də demokratik institutların gücləndirilməsi baxımından əhəmiyyətlidir. Beləliklə, söhbət təkcə bir mədəniyyət mərkəzindən deyil, strateji istiqamət dəyişikliyindən gedir.

Rusiyanın bu addıma verəcəyi cavaba gəlincə, həmsöhbətimizə görə, Rusiya ilk mərhələdə diplomatik etiraz və sərt bəyanatlarla kifayətlənə bilər. Paralel olaraq, Moldovaya qarşı informasiya təzyiqinin artması da istisna deyil:

“Eyni zamanda, Moskva iqtisadi rıçaqlardan istifadə edərək təsir imkanlarını qorumağa çalışa bilər. Lakin hazırkı beynəlxalq şərait Rusiyanın manevr imkanlarını xeyli məhdudlaşdırır. Daha sərt addımlar onun beynəlxalq mövqeyinə əlavə zərbə vura bilər. Buna görə də Rusiyanın reaksiyası daha çox simvolik və siyasi müstəvidə qalacaq”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR