• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Su Çərşənbəsində susuz qalan sahibkarlar!: “Azərsu” müraciətə baxmır, Prezidentə… - ŞİKAYƏT

CƏMİYYƏT

28 Fevral 2024 | 21:23

Su Çərşənbəsində susuz qalan sahibkarlar!: “Azərsu” müraciətə baxmır, Prezidentə… - ŞİKAYƏT

Su ilə bağlı məşhur bir atalar sözü var: Su hər şeyi təmizləyər, üz qaralığından başqa.

Doğrudur, bu ifadə ilə razılaşmayanlar da tapılacaq, amma yəqin ki, əksəriyyət razılaşacaq. Doğrudan da, Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, su həyat mənbəyi olaraq qalır.

Bəli, biz vətəndaşlar bu mötəbər kəlamın doğruluğu, düzgünlüyü, dərin fəlsəfi qatları və cəmiyyətə, məmurlara ötürdüyü mesajın siqlətinə tam əminlik ifadə edirik. Amma görünür, bəzi məmurlar uzun illər öncə, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin söylədiyi məlum kəlamdan nəticə çıxarmayıblar. Ya bunu bacarmayıblar, ya da istəməyiblər. Hər halda ən doğru cavabı özləri bilirlər.

Biz faktlarla işləyirik. Alətimiz söz və faktdır. Fakt isə odur ki, XXI əsrdə, bəzi məmurların səriştəsizliyi, başıpozuqluğu insanların su kimi aydın həyatını qaramata, bəzən də qazamata döndərir. Bəzi hallarda insanlar nəinki saatlarla, heç günlərlə su üzü görmürlər. Bu da deməyə, düşünməyə əsas verir ki, aidiyyəti qurum olan  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri, "Azərsu" ASC-nin Binəqədi rayon Su kanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Sultan Əmiraslanov suyun həyat mənbəyi olduğunu anlamış olsaydılar, insanlara bu məşəqqəti, bu istibdadı yaşatmazdılar, onları həyatın mənbəyinə həsrət qoymazdılar. Eynən Binəqədi rayon, İbrahimpaşa Dadaşov, 74 ünvanında yaşayan sakinlər kimi. 

Sözügedən ünvanda yaşayan sakinlər və sahibkarlar Su çərşənbəsində belə susuz qalmaları barədə Bakıvaxtı.az-a etiraz dolu məktub ünvanlayıblar.  Sakinlər və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər qeyd ediblər ki, onlara bir həftədir içməli su verilmir:

"Möhtərəm prezidentimiz, cənab  İlham Əliyevin ölkədə sahibkarlara göstərdiyi dəstək göz önündədir. Cənab Prezident az qala sahibkarlarla bağlı bütün çıxışlarında məmurları sahibkarlara köstək deyil, dəstək olmağa səsləyir. Məsələn, ölkə başçısı qeyd edib ki,
"Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Amma  sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Buna son qoyulmalıdır!”.

Bəli, ölkə başçısı hər bir sahibkarın həm yanında, həm arxasındadır. Amma görünür, yuxarıda adıçəkilən qurumların rəhbərləri nəinki sahibkarlara dəstək verirlər, hətta onların olub-qalan ümidlərini də puça çıxarırlar. Sahibkarları günlərlə su üzünə həsrət qoymaqla onlara olduqca böyük maddi, mənəvi və işgüzar zərbələr vururlar".

Sahibkarlar bildirirlər ki, aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, nə müraciətə, nə də şikayətə baxan var:

"Burada mənəm Bağdadda kor xəlifə" ədası ilə yanaşaraq, heç bir müraciətə baxmırlar. "Gedin, kimə şikayət edirsiniz edin"  deyərək, insanların dövlətə və dövlət başçısına olan etimadını sarsıtmağa çalışırlar. Biz nəinki "Azəru" ASC-nin rəhbərliyinə, heç onun sözçüsünə söz deyə bilmirik. Artıq bəzi sahibkarlar ümidsizliyə qapanaraq,  "Səndən yar, sənə yar şikayətim var" məsəlini çəkib, taleyin ümidinə buraxıldıqlarını düşünürlər. Amma belə deyil, Azərbaycan hüquqi dövlətdir və bu məmləkətin xalqın etimadını, sevgisi və səsini qazanmış «Dəmir yumruq»lu Ali Baş Komandanı, prezidenti var".

Sahibkarlar  bildirirlər ki, su məsələsi həllini tapmasa, məktub, mətbuat və sosial şəbəkələr vasitəsilə ölkə başçısına müraciət edəcəklər:

"Prezident bütün çıxışlarından  Azərbaycan xalqının əmin-amanlıq və firavanlıq şəraitində yaşamalı olduğundan söz açır. Ölkə başçısı İlham Əliyev xalqın prezidenti olduğunu, xalqın ən real seçimi olduğunu, xalqın yanında, arxasında dayandığını dəfələrlə sübut edib. Xalq da öz rəhbərinə daim güvənir. Biz bu qarşılıqlı inam, güvən və etimadı 44 günlük Vətən savaşında gördük. Əlavə şərhə və fikrə hacət yoxdur. Hesab edirik ki, bu məsələdə də cənab Prezident bizə yardım əlini uzadacaq, Su Çərşənbəsi kimi müqəddəs gündə sahibkarları, sakinləri su ilə sınağa çəkənlərin layiqli cəzasını verəcək. Və sakinlərə, sahibkarlara sitəm tutan o məmurlar onda başa düşəcəklər su hər şeyi təmizləyər, üz qaralığından başqa.

Bəli, xalqı, sahibkarı dövlətindən küsdürən, onu incidən, susuzluqla sınağa çəkən, yaşlı, körpə, xəstə demədən, düşünmədən insanları su üzünə hsərət qoyan məmurların üz qaralığı heç zaman təmizlənməyəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024