Prezident İlham Əliyevin Bakının və Abşeron yarımadasının su təchizatı ilə bağlı müşavirədəki çıxışı təkcə texniki-infrastruktur məsələlərinin sadalanması deyil, Azərbaycanın gələcək resurs idarəçiliyinə yeni strateji yanaşmanın nümayişidir.
Son 20 ildə ölkənin enerji, yol, qazlaşma və elektrik təminatı kimi əsas infrastruktur sahələrinin tamamilə yenilənməsi fonunda su təhlükəsizliyi problemi dövlətin uzunmüddətli inkişaf gündəliyində prioritet mövqeyə yüksəlib.
Prezidentin vurğuladığı kimi, Bakının su problemi təkcə istehlak artımı ilə bağlı deyil, həm də itkilərin yüksək olması, mövcud resursların mövsümi asılılıq göstərməsi və iqlim dəyişikliyinin yaratdığı qeyri-müəyyənliklərlə əlaqəlidir. Bu baxımdan 2026–2035-ci illəri əhatə edən yeni Dövlət Proqramının qəbul olunması su sektorunun təkcə yenilənməsini deyil, əsaslı struktur transformasiyasını nəzərdə tutur.
Çıxışın ən diqqətçəkən elementlərindən biri su təhlükəsizliyinin enerji və nəqliyyat kimi strateji sahələrlə eyni səviyyəyə qaldırılmasıdır. Prezident bildirib ki, daxili su ehtiyatlarının böyük hissəsinin azad edilmiş ərazilərdə formalaşması Azərbaycanın bu sahədə illərdir mövcud olan asılılığı azaltdı. Su anbarlarının yenilənməsi, 30-a yaxın yeni anbarın tikilməsi, yağış sularının idarə olunması üçün kollektor sistemlərinin qurulması, kanalizasiya layihələrinin 95 faiz əhatəyə çatdırılması və ilk dəfə olaraq Xəzər suyunun duzsuzlaşdırılması kimi addımlar ölkənin su mənbələrini diversifikasiya etmək niyyətini göstərir. Bu proqram təkcə əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinə deyil, həm də kənd təsərrüfatı və sənaye üçün dayanıqlı təminatın bərqərar olmasına yönəlib. Prezidentin “bir gün də yubanma olmamalıdır” çağırışı bu proqramın strateji milli prioritet kimi qəbul edildiyini nümayiş etdirir.
Bu çıxış eyni zamanda idarəetmədə şəffaflıq və ictimai nəzarət elementinin gücləndirilməsi mesajını da ehtiva edir. Proqramın icrasının mütəmadi şəkildə mətbuatda işıqlandırılması, Prezident Administrasiyası və hökumət tərəfindən nəzarət mexanizmlərinin yaradılması və xarici investisiyaların prosesə cəlb edilməsi su layihələrinin genişmiqyaslı və uzunmüddətli maliyyə yükünün dayanıqlı şəkildə bölüşdürülməsini təmin edəcək.
Beləliklə, Prezidentin çıxışı həm texniki plan baxımından dəqiq yol xəritəsi təqdim edir, həm də su ehtiyatlarının idarə edilməsini Azərbaycanın növbəti onillikdə milli təhlükəsizlik və inkişaf modelinin əsas dayaqlarından birinə çevirəcək yeni strateji mərhələnin başlanğıcını işarələyir.
Alim Nəsirov
Bakı 




