"Ötən gün keçirilən müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid mərkəzdən - "mygov" üzərindən təqdim olunması ilə bağlı mövqeyi vətəndaş baxımından ideal modeldir".
Bakıvaxtı.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, vətəndaş üçün ən doğru yanaşma odur ki, bütün dövlət xidmətləri bir platformadan əlçatan olsun, əlavə tətbiq axtarmağa, müxtəlif sistemlərə uyğunlaşmağa ehtiyac qalmasın:
"Prezidentin göstərişinin mənası odur ki, dövlət qurumları yalnız xidmət istehsalçısı olaraq qalmalıdır, xidməti təqdim edən paralel platformalar və tətbiqlər ləğv edilməlidir. "mygov" vahid vitrin rolunu oynamalıdır, xidmətin özü isə arxada - müvafiq qurumlarda formalaşmalı və inkişaf etdirilməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə tam uyğundur və uzun illərdir rəqəmsal dövlət modelində əsas prinsip kimi qəbul olunur. Bizim tərəfimizdən də bu istiqamətdə illərdir təkliflər səsləndirilib. Xüsusilə e-gov səlahiyyətləri müxtəlif dövrlərdə əl dəyişdikcə, vahid giriş və mərkəzləşmiş vitrin modelinin vacibliyi dəfələrlə bizim tərəfimizdən də qeyd olunub. Lakin indiyədək bu mövzuda bu qədər açıq və prinsipial mövqe ortaya qoyulmamışdı".
Ekspert qeyd edib ki, Prezidentin çıxışında ayrıca vurğulanan mühüm məqam bu tətbiqləri hazırlayan komandaların əməyinin qiymətləndirilməsidir: "Bu platformalar öz dövrü üçün zəruri və faydalı olub, inteqrasiyaların olmadığı mərhələdə minlərlə, hətta milyonlarla vətəndaşa dayanıqlı xidmət göstərib. Onların arxasında isə peşəkar və təcrübəli komandalar dayanıb. Bu baxımdan həmin platformalar dövlətin rəqəmsallaşma yolunda mühüm mərhələ rolunu oynayıb və görünür, Prezident də məhz bu reallığı nəzərə alaraq onların rolunu yüksək qiymətləndirib. Amma burada bir incə məqam var. Xidməti istehsal edən "mygov" deyil. "mygov" sadəcə vitrindir. Xidmət arxada, hər bir dövlət qurumunda istehsal olunur. İndiyədək bu xidmətlər həm "mygov" üzərindən, həm də qurumların öz resurslarında təqdim olunurdu və bu, həmin komandalar üçün əməyinin nəticəsini görmək baxımından əlavə motivasiya yaradırdı. İndi sual yaranır: Bu platformalar ləğv edilərsə, həmin xidmətləri yaradan, təqdim edən və inkişaf etdirən yüzlərlə əməkdaşın motivasiyası zəifləyə bilərmi? Dövlət qurumlarında innovasiyaya meyl azala bilərmi? Təşəbbüskarlıq tədricən texniki icra səviyyəsinə enə bilərmi? Bunlar kifayət qədər ciddi və cavab tələb edən suallardır və aidiyyəti qurumlar bu risklərin fərqində olmalıdır.
Bu səbəbdən keçid kəskin deyil, tədrici aparılmalıdır. İstifadəçi axını mərhələli şəkildə "mygov"-a yönləndirilməli, paralel işləmə dövrü saxlanmalı, komandaların dövlət qurumlarında və yeni mərhələdə rolu və məsuliyyəti əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir. Çünki rəqəmsal hökumət yalnız vahid platforma ilə deyil, insan kapitalını qoruyan və inkişaf etdirən düzgün idarəetmə modeli ilə dayanıqlı olur".
Bakı 




