Oman və Dəməşq Suriya-İordaniya sərhədində təhlükəsizliyin təmin edilməsi üçün birgə komitənin yaradılması barədə razılığa gəlib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi bildirib.
"Biz sərhədlərin mühafizəsini, xüsusilə silah və narkotik qaçaqmalçılığı təhlükəsinə dair məsələləri müzakirə etdik. Bizim təhlükəsizliyimiz vəhdət təşkil edir, ümumi təhdidlərə qarşı mübarizədə birgə hərəkət edəcəyik", - o, Omanda Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani ilə birgə mətbuat konfransında bildirib.
Öz növbəsində, Suriya XİN başçısı əmin edib ki, Suriyanın yeni administrasiyası dövründə İordaniya narkotrafiklə bağlı problemlərlə üzləşməyəcək.
"Narkotik vasitələrin daşınmasına gəlincə, buna son qoyulacağına söz veririk. Biz bu məsələdə intensiv əməkdaşlığa hazırıq", - o bildirib.
Əş-Şibani əlavə edib ki, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının qismən ləğvi onların tam aradan qaldırılması istiqamətində addım olmalıdır.