• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Texnoloji yeniliklər ənənəvi ekvivalentlərinə hədədir mi?- ARAŞDIRMA

İDMAN

19 May 2025 | 16:29

Texnoloji yeniliklər ənənəvi ekvivalentlərinə hədədir mi?- ARAŞDIRMA

TGL yəni, “Sabahın Qolf Liqası” – son illərdə populyarlıq qazanmış texnoloji əsaslı bir qolf liqasıdır. Bu liqa 2022-ci ildə yaradılıb və ABŞ-nin Florida ştatının Palm Beach Gardens şəhərində yerləşən xüsusi inşa olunmuş SoFi Center adlı məkanda keçirilir. TGL-də hər biri dörd PGA Tour qolfçusundan ibarət altı komanda iştirak edir. Matçlar 3-ə 3 formatında oynanılır və hər oyun təxminən iki saat davam edir. Liqa yüksək texnologiyalarla təchiz edildiyi üçün innovativ və gələcəyə yönəlmiş qolf formatı kimi tanınır.

Bakıvaxtı.az xəbər verir ki, çoxları düşünür ki, TGL-in bu qədər maraq oyandırması heç də təsadüfi deyil.

Gənc nəsil – xüsusilə Z nəsli və Millennials – sürətli və interaktiv fəaliyyətlərə üstünlük verir. Məhz bu səbəbdən TGL onlara xitab edir. Burada 1-2 saatlıq qısa matçlar keçirilir, sosial şəbəkələrdə canlı yayımlar aparılır və izləyicilər oyunçularla real vaxtda əlaqə qura bilirlər. Bu kimi xüsusiyyətlər TGL-ni texnologiya əsaslı yeni bir izləyici bazasına çatdırır. TGL, həm biznes sahəsində investorları, həm də idmançıları maraqlandıran yeniliklər təqdim edir.

PGA Tour-un bir çox ulduzu TGL-nin ilk mövsümündə iştirak edib və təşkilatçılar bu turniri uğurlu hesab edirlər. Matçların izlənmə statistikası yeni başlayan bir liqa üçün çox yüksək olub.

TMRW Sports-un həmtəsisçisi Mike McCarley bildirib ki, ilk mövsümün mükafat fondu 21 milyon dollardır. SoFi Kubokunun qalibi 9 milyon dollar qazanır və bu məbləğ hər komanda üzvü üçün 2,25 milyon dollar təşkil edir. İkinci yer 4,5 milyon, üçüncü yer 2,25 milyon, dördüncü 2 milyon, beşinci 1,75 milyon və altıncı yer 1,5 milyon dollar alır.

Matçların idarə olunması və texnoloji təminatı üçün SoFi Mərkəzi Full Swing şirkəti ilə əməkdaşlıq edir. Burada oyunçuların atışları nəhəng 64x53 ölçülü ekranda əks olunur. 3800 kvadrat futluq sahə yaşıl örtüklə təmin edilir və bütün oyun dataları real vaxtda analiz edilir.

Ənənəvi qolf uzun illər ərzində formalaşmış idman növüdür. Onun əsas üstünlükləri təbiətlə təmas, açıq havada oynanması və strateji yanaşmadır. Belə turnirlər, məsələn The Masters və Open Championship, qolfun əsas dayaqlarını təşkil edir.

TGL ilə ənənəvi qolf həm oxşar, həm də fərqli xüsusiyyətlərə malikdir. Ənənəvi turnirlər 4 gün davam edir, uzun oyun müddətləri və səssiz mühitə malikdir. Bu isə bəzən izləyiciləri darıxdıra bilər. TGL isə qısa və dinamik oyunlar təklif edir. Matçlar qapalı arenalarda, virtual texnologiyalarla keçirilir, oyunlara canlı analizlər və statistik məlumatlar əlavə olunur ki, bu da izləyici üçün daha interaktiv bir təcrübə yaradır.

Əsas sual budur: TGL gələcəyin qolf standartı olacaq, yoxsa sadəcə alternativ olaraq qalacaq? Hazırda görünür ki, TGL ənənəvi qolfu əvəz etməyəcək, əksinə onunla paralel şəkildə inkişaf edəcək. Məqsəd yeni auditoriyaya qolfu tanıtmaq, marağı artırmaq və idmanı daha kommersiya yönümlü etməkdir.

Bəzi ekspertlər TGL-ni “qolfun NBA-sı” adlandırırlar – yəni şou və vizuallıq ön plandadır. Amma qeyd edirlər ki, qolfun əsas mahiyyəti – təbiət, səbr və dəqiqlik – yalnız ənənəvi qolfda tam əks olunur.

TGL, qolfun gələcəyi üçün maraqlı bir model təqdim edir və xüsusilə gənc nəsil üçün cəlbedici ola bilər. Amma onun ənənəvi qolfu tamamilə əvəz etməsi real görünmür. Ən uyğun ssenari budur ki, hər iki forma bir-birini tamamlayacaq biri dəyərli ənənəni qoruyacaq, digəri isə gələcəyə uyğun yenilikləri gətirəcək.

Alidə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR