ABŞ Prezidenti Donald Trampın ukratynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra verdiyi açıqlamalar göstərir ki, Vaşinqton artıq münaqişənin yalnız hərbi yox, diplomatik kanallar üzərindən həllinə fokuslanmaq niyyətindədir.
Trampın “üçtərəfli görüş” perspektivindən danışması - yəni ABŞ, Ukrayna və Rusiya arasında razılaşma ehtimalı - onun özünü əsas vasitəçi kimi önə çıxarmaq cəhdidir. Bu, həm beynəlxalq imicini gücləndirməyə, həm də daxili auditoriyaya “sülh gətirən lider” mesajı verməyə hesablanıb.
Onun “dünyada bu gün masanın ətrafında toplaşanlardan daha güclü insanlar yoxdur” fikri isə simvolik məna daşıyır - Tramp göstərməyə çalışır ki, münaqişənin taleyi yalnız bu güc mərkəzlərinin iradəsindən asılıdır. Təhlükəsizlik zəmanətləri məsələsinin gündəmə gəlməsi Moskvanın müəyyən güzəştlərə hazır olduğunu göstərə bilər, amma ərazi mübadiləsi ilə bağlı vurğular Ukrayna üçün ciddi suallar doğurur.
Trampın ritorikasında diqqət çəkən məqam odur ki, o, prosesi “tezliklə nəticələnə bilən razılaşma” istiqamətində görür. Lakin bu model həm Ukrayna ictimaiyyəti, həm də Avropa üçün asan qəbul ediləcək seçim deyil. Bununla belə, ABŞ liderinin açıq şəkildə kompromis gündəminə işarə etməsi münaqişənin diplomatik müstəviyə keçməsi ehtimalını gücləndirir.
Ruslan Zəngəzur