"Bəzi media orqanlarında Avropanın Ukraynada sülh istəmədiyi iddia olunur. Məncə, belə yanaşma çox da ədalətli deyil. Avropa Ukraynada sülh istəyir, amma hansı formada istəyir, bax, məsələ budur".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Ekspert bildirib ki, Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayan sülh istəyir:
"Avropa ölkələri Ukrayna ilə Rusiya arasında davamlı, dayanıqlı və sabit sülhün əldə olunmasının tərəfdarıdır. Ukraynanın suverenliyi və ərazi bütövlüyü mütləq qorunmalıdır. Ən əsası isə Kiyevə çox ciddi təhlükəsizlik təminatları verilməlidir. Əlbəttə, hazırkı şəraitdə bu, real görünmür. Çünki bu savaşın faktiki olaraq iki tərəfi var. ABŞ ilin əvvəlindən aktiv şəkildə prosesə müdaxilə etdiyinə görə Aİ bu prosesdən kənarda qalıb”.
Müsahibimizə görə, amma Avropanın narahatlığını anlamaq mümkündür. Dediyinə görə, çünki müharibə ABŞ-də yox, Avropa qitəsində gedir. Son 80 ildə bu coğrafiyada mövcud olmuş təhlükəsizlik arxitekurası dağılır:
“Rusiya Ukraynada öz hədəflərinə çatandan sonra Avropa, xüsusən Şərqi Avropa üçün ciddi təhdidlər yarada bilərlər. Avropanın narahatlığı bundan qaynaqlanır. Bu baxımdan davamlı şəkildə Avropa dövlətləri hansısa formada prosesə təsir imkanlarını saxlamağa çalışırlar".
O.Qasımov hesab edir ki, indiki məqamda Aİ-nin prosesə istədiyi şəkildə müdaxiləsi çox çətindir:
"Alyaska görüşündən sonra Avropa liderləri, NATO rəhbərliyi ABŞ-yə səfər edərək prosesə müəyyən qədər təsir göstərməyə çalışsalar da, Tramp administrasiyasının konkret hədəflərini dəyişdirmək mümkün olmadı”.

Oqtay Qasımov: Kiyevə çox ciddi təhlükəsizlik təminatları verilməlidir, hazırkı şəraitdə isə bu, real görünmür
“Trampa Ukraynada dərhal və qısamüddətli sülhün əldə olunması lazımdır” deyən politoloq hesab edir ki, hansı şərtlərlə olması o qədər önəm daşımır. Dediyinə görə, ABŞ tərəfindən təqdim olunan sülh planı elə Trampın özünün dediyi kimi Rusiya üçün məqbuldur:
“Çünki həmin sülh planında Ukraynanın suverenliyi ilə bağlı ciddi suallar var. Ukrayna ərazilərini itirir və bunun qarşılığında heç bir təhlükəsizlik təminatı almır".
Aydın Baxış
Bakı 



