• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Trampın qərarsızlığı: ABŞ Rusiyaya qarşı mövqeyini dəyişirmi?

SİYASƏT

21 Oktyabr 2025 | 12:46

Trampın qərarsızlığı: ABŞ Rusiyaya qarşı mövqeyini dəyişirmi?

“The Bloomberg” xəbər agentliyinin məlumatına görə, Vaşinqton administrasiyası Avropa İttifaqının Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə planına qoşulmaqda tərəddüd edir.

ABŞ rəsmiləri bildiriblər ki, belə bir qərar Prezident Donald Trampın Vladimir Putinlə planlaşdırılan görüşü ərəfəsində siyasi risk yarada bilər. Bundan əlavə, Trampın Ukrayna prezidentinə vəd etdiyi raket yardımını verməməsi də diqqət çəkir. Bu iki hadisə ABŞ-ın Rusiya və Ukrayna siyasətində ton dəyişikliyinə işarə kimi qiymətləndirilir.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərarın arxasında həm hüquqi, həm də siyasi səbəblər dayanır. Onun sözlərinə görə, Rusiya aktivlərindən istifadə beynəlxalq maliyyə sabitliyinə təsir göstərə və gələcək danışıqları çətinləşdirə bilər. Politoloq hesab edir ki, Tramp administrasiyası Putinlə qarşıdakı görüşdən əvvəl sərt addımlar atmaq istəmir:

“ABŞ bu yolla həm Rusiya, həm də Avropa ilə münasibətlərdə manevr imkanlarını qorumağa çalışır. Tramp özünü daha çox danışıqlara açıq, balanslı lider kimi təqdim etmək istəyir. Buna görə də, Vaşinqton hazırda “sakit güc” taktikasını üstün tutur”.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin bu tərəddüdü Kiyevə mənfi siqnal kimi qiymətləndirilir. Trampın raket yardımını dayandırması Ukrayna ordusunun imkanlarını zəiflədə bilər. Qərbin birgə dəstəyinin azalması Ukraynanın döyüş ruhuna da mənfi təsir göstərə bilər:

“Vaşinqtonun tərəddüdü Avropanı daha çox məsuliyyət daşımağa vadar edəcək. Bu, eyni zamanda, Qərbin Rusiya qarşısında birgə strategiyasına zərbə vura bilər. Ukrayna isə belə şəraitdə siyasi və hərbi baxımdan daha tənha vəziyyətə düşə bilər”.

Züriyə Qarayeva: ABŞ və Avropa arasında koordinasiya zəifləsə, bu, Rusiya üçün yeni imkanlar yarada bilər

“ABŞ və Avropa İttifaqı arasında bu məsələdə fikir ayrılığı yaranıbmı” sualını cavablandıran Z.Qarayeva qeyd edib ki, müəyyən fikir fərqləri müşahidə olunur. Dediyinə görə, Avropa Rusiyaya qarşı iqtisadi təzyiqin artırılmasını vacib sayır, ABŞ isə riskləri ön plana çəkir. Tramp administrasiyası Avropanın sərt addımlarını diplomatik manevr imkanlarını azaldan amil kimi görür. Avropa isə Vaşinqtonun ehtiyatlılığını zəiflik hesab edir. Bu vəziyyət transatlantik münasibətləri bir qədər gərginləşdirə bilər. Lakin tərəflər hələ də ümumi məqsəddə - Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmaqda - razılığa malikdirlər.

Bu siyasətin yaxın dövrdə beynəlxalq güc balansına göstərəcəyi təsirə gəlincə, həmsöhbətimiz bildirib ki, əgər ABŞ və Avropa arasında koordinasiya zəifləsə, bu, Rusiya üçün yeni imkanlar yarada bilər. Moskva Qərb daxilindəki fikir ayrılığından istifadə edib öz diplomatik mövqelərini gücləndirməyə çalışacaq. Trampın neytral ton saxlamaq istəyi isə Putinə daha geniş diplomatik manevr sahəsi verə bilər. Avropa ölkələri isə enerji və təhlükəsizlik baxımından daha çox təzyiq altında qalacaq. Nəticədə, Qərbin birgə strategiyası zəifləyə, Rusiya isə bu vəziyyətdən siyasi və iqtisadi üstünlüklə çıxa bilər. ABŞ-ın hazırkı siyasəti qısamüddətli diplomatik rahatlıq versə də, uzunmüddətli geosiyasi nəticələri riskli görünür.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

20 Oktyabr 2025