Türkiyə HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın sülh planına verdiyi cavabı alqışlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Sultanbəyli Kütləvi Açılış və Təməlqoyma mərasimində danışıb.
O qeyd edib ki, Qəzzada iki ildir davam edən savaşa son qoyulması üçün səylə çalışılır:
"Biz bütün imkanlarımızı səfərbər etmişik. Dünən Donald Trampla danışığımızın əsas mövzusu Qəzza idi. HƏMAS-ın Trampın sülh planına verdiyi cavabı alqışlayırıq. Hər iki tərəf məsuliyyətli şəkildə vəzifələrini yerinə yetirsə, bu savaş bitə bilər. Türkiyə öhdəsinə düşəni etməyə hazırdır".
Ərdoğan məlumat verib ki, "Qlobal Sumud Donanması"nın ümid səyahətçiləri də Türkiyəyə gətirilir:
"Təkcə Türkiyədən gedənlər deyil, Malayziya və müxtəlif ölkələrdən də bəzi "Sumud Donanması" sərnişinləri gələn karvanın içərisində öz yerlərini alacaqlar. Düşünürəm ki, bir saatdan sonra İstanbula enmiş olacaqlar".
Qeyd edək ki, Fələstinin HƏMAS radikal hərəkatı bütün israilli girovları azad etməyə və ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı sülh planının detallarını müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib.