“Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxilə bacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları ilə müəyyən edilə bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.
Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil, müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkar əsaslarını təsdiqləyir:
“Loqopedin nitqi müraciət olunan şəxslər üçün nümunəvi olmalıdır. Müasir valideynlər informasiya çoxluğuna, sosial şəbəkələrə açıqdırlar. Loqopedə müraciət zamanı verdikləri sualların cavabını, övladlarına ilkin müayinə zamanı peşəkarlığı nəzərə almalıdırlar. Loqopedlər korreksiya işləri zamanı fərdi yanaşma prinsipini üzərindən çalışmalıdırlar. Mütəxəssis şablonlardan istifadə etməməli, istifadə etdiyi metodları konkret loqopada (nitq əlliliyi olan şəxs) uyğunlaşdıraraq korreksiya işlərini aparmalıdır”.
A.Ələkbərova qeyd edib ki, nitq əlliliyi olan uşaqlar kompleksli iş nitq qüsurunun mürəkkəbliyindən asılıdır:
“Əgər loqopadda mürəkkəb nitq qüsurları müşahidə olunarsa, (rinolaliya, dizartriya, alaliya, afaziya, kəkələmə və s) ilk öncə idman məşğələləri, sonra isə ehtiyac olunan psixo-pedaqoji iş, sensor terapiya, psixoloji seansları aparıla bilər.
Unutmamalıyıq ki, müraciət edən şəxsin potensial imkanları, yaşı, mövcud ilkin xəstəliyi nəzərə alınmalı və ona uyğun inkişaf etdirici fərdi və ya qrup seansları aparılmalıdır”.
Zeynəb Rzayeva
Bakı 



