Xırdalan şəhəri, “Abşeron” Gənclər şəhərciyinin qarşısındakı piyada keçidində yaranan kəskin anti-sanitar vəziyyət və baxımsızlıq sakinləri, sözün əsl mənasında bezdirib.
Bakıvaxtı.az sakinlərin şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərib.
Qurumun mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında sözügedən əraziyə baxış keçiriləcəyini bildirib.
O, ərazidə təmizliyin mütəmadi aparıldığını, lakin vəziyyətin vətəndaşlardan da asılı olduğunu vurğulayıb:
“Məlumat verərəm, gedib baxsınlar əraziyə, təmizlik işləri həyata keçirilsin. O da mütəmadi aparılır, sadəcə olaraq orada vətəndaşlar özləri tərəfindən çirkləndirilir, anti-sanitar vəziyyət yaradılır”.
Zeynəb Rzayeva
***
10:38
Xırdalan şəhəri “Abşeron” Gənclər şəhərciyinin qaşısında yerləşən keçiddəki anti-sanitar vəziyyətdən narazılıqlar var.
Bakıvaxtı.az-a şikayətlərini ünvanlayan sakinlər bildirirlər ki, “üstü bəzək, içi təzək” olan keçiddən keçmək az qala mümkünsüzdür:
“Siqaret kötükləri, it-peşik yemi, heyvan nəcisi, boş butulkalar, qida qalıqları təmizlənmir. Bu keçid tüfeyli həyat tərzi yaşayanların “yuvası”na çevrilib. Spirti içki butukları, çirkli paltarlar üfunət saçır”.
Sakinlər qeyd edirlər ki, keçid yeni qurulanda bahalı mərmər daşlar döşənib, amma baxımsızlıq ucbatından o bahalı mərmərlərdən əsər-əlamət qalmayıb, çirk basıb:
“Keçid yeni qurulanda sevindik ki, sakinlərə normal münasibət sərgilənir, Amma sonradan yaşananlar sevincimizi qrəyimizdə qoydu”.
Şikayətçilər aidiyyəti orqanlardan sözügedən keçidə diqqət göstərmələrini xahiş edirlər:
“Çox demirik, keçid heç olmasa, ayda bir dəfə təmizlənsə, bu cür dözülməz vəziyyət yaranmaz”.
Aydın
Bakı 






