Sankt-Peterburq Dövlət Universitetinin (SPbU) alimləri erkən uşaqlıq dövründə kariyes riskini əvvəlcədən proqnozlaşdırmağa imkan verən çoxfaktorlu riyazi model hazırlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS"a universitetin mətbuat xidmətindən məlumat verilib.
Yeni model vasitəsilə uşaqlarda kariyesin yaranmasına təsir edən sosial, gigiyenik və qidalanma amilləri qiymətləndirilir. Həkim uşağın həyatının ilk illəri ilə bağlı əsas məlumatları sistemə daxil etdikdən sonra alqoritm fərdi risk proqnozu hazırlayır.
Bu nəticələr əsasında uşağın qidalanma rejimi, ağız gigiyenası, eləcə də mütəxəssis müayinələrinin tezliyini əhatə edən fərdi profilaktika strategiyası müəyyənləşdirilir. Alimlərin fikrincə, bu yanaşmanın səhiyyə praktikasında tətbiqi kariyesin qarşısının erkən mərhələdə alınmasına imkan verə bilər.
Diş kariyesi dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Uşaqlar arasında onun yayılma səviyyəsi müxtəlif ölkələrdə 17%-dən 94%-dək dəyişir. İnkişaf etmiş kariyes yalnız həyat keyfiyyətinə mənfi təsir göstərmir, həmçinin uşağın fiziki inkişafına da təsir edə bilər.
Tədqiqatçılar Sankt-Peterburqda epidemioloji vəziyyəti də araşdırıblar. Məlum olub ki, həyatının ilk ilində dişləri sağlam olan uşaqların təxminən hər üçündən birində üç yaşına qədər kariyes yaranır. Altı yaşa qədər isə süd dişlərində kariyesin yayılması 60%-i ötür.
Alimlər valideynlər arasında keçirilən sorğu əsasında kariyes riskini artıran idarəolunan amilləri də müəyyənləşdiriblər. Bunlar arasında ağız gigiyenasına bir yaşdan sonra başlanılması, 12 aydan uzun müddət ana südü ilə qidalanma, altı aydan sonra gecə qidalanmasının davam etdirilməsi, xüsusilə şirin qidaların verilməsi və bərk qidalara doqquz aydan sonra başlanılması göstərilir.
Bundan başqa, yalnız evdə hazırlanmış bərk qidaların və ya pürelərin istifadəsi, flüorsuz diş məcunlarından istifadə və dişlərin fırçalanması zamanı böyüklərin nəzarət etməməsi də risk faktorları sırasında yer alıb.
Tədqiqat çərçivəsində körpə qidalarının kimyəvi analizi də aparılıb. Mütəxəssislər həm hazır, həm də evdə hazırlanan əlavə qidaların tərkibindəki artıq karbohidratların və bəzi mikroelementlərin çatışmazlığının kariyes riskini artıra biləcəyini müəyyən ediblər.
Xüsusilə meyvə püreləri aşağı pH göstəricisi və yüksək şəkər konsentrasiyasına görə daha riskli hesab olunub. Ət və tərəvəz pürelərinin isə mina minerallaşmasına kömək edən daha balanslı tərkibə malik olduğu bildirilib.
Günəş Mərd




