"Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı Məzlum Abdi silahlı birləşmələrin buraxıldığını və kürd qüvvələrinin Suriya hökumət qoşunlarının sıralarına tam inteqrasiya olunduğunu elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi hərəkat liderinin bəyanatına istinadən yazıb.
Onun sözlərinə görə, kürd hərbi, güc və inzibati strukturlarının Suriyanın dövlət institutlarına inteqrasiyası başa çatıb. Belə ki, kürd silahlı birləşmələri və ölkənin şimal-şərqində fəaliyyət göstərən muxtar administrasiya müstəqil mövcudluğunu dayandırır və Dəməşqin dövlət strukturları sisteminə keçir.
Qərar hərəkat nümayəndələri ilə Suriya hakimiyyəti arasında bir neçə ay davam edən danışıqların yekunu olub. Razılaşmalar SDQ-nin hərbi və mülki institutlarının Suriyanın dövlət sisteminə mərhələli inteqrasiyasını nəzərdə tuturdu.
Suriya Prezidenti Əhməd Əl Şaraa yanvarın 16-da ölkəsində yaşayan kürd xalqı nümayəndələrinin şəxsi həyatının toxunulmazlığını nəzərdə tutan fərman imzalayıb.




